Şuşa şəhərində İşğal Muzeyi Kompleksinin bərpa-yenidənqurma işləri ilə bağlı layihə-smeta sənədlərinin və muzey məzmununun hazırlanması
Layihə haqqında
- Sifarişçi: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
- Maliyyə dəstəyi: Qarabağ Dirçəliş Fondu
- İcraçı / Resipiyent: “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyəti
- Podratçı: Konsorsium lideri İtaliyanın “Artcloud Network International s.c.r.l.” şirkəti (Konsorsium üzvləri: DBA PRO. S.P.A, VAT0812680254; “Bureau Mühit” MMC, VÖEN: 2006792941)
- Büdcə: 946.667,00 (doqquz yüz qırx altı min altı yüz altmış yeddi) avro.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş rayon və şəhərlərdə İşğal və Zəfər muzeyləri komplekslərinin yaradılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Bu muzey komplekslərinin yaradılmasında məqsəd düşmən işğalı zamanı torpaqlarımızın məruz qaldığı vandallığın əyani olaraq nümayiş etdirilməsi, eləcə də Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi zamanı yüksək döyüş əzmi və misilsiz qəhrəmanlıq nümayiş etdirərək qazandığı möhtəşəm Qələbənin indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirilməsidir. Eyni zamanda bu komplekslər Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzinə çevriləcək.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq belə muzey komplekslərindən biri də Şuşa şəhərində olacaq. Belə ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi əsasında Şuşa şəhərində İşğal Muzeyinin yaradılması nəzərdə tutulur.
Sözügedən layihə çərçivəsində Qarabağ Dirçəliş Fondunun (QDF) maliyyə dəstəyi hesabına sözügedən muzey kompleksinin tikinti işləri üzrə müvafiq layihə-smeta sənədləri və muzey məzmununun hazırlanması işləri davam etdirilir.
Artıq muzey kompleksinin layihələndirilməsi, həmçinin xarici və yerli ekspertlər, tarixçilər cəlb olunaraq məzmunun hazırlanması işləri icra olunub, foto-video çəkilişlər aparılıb və toplanmış məzmunun yerləşdirilməsi üçün elektron məlumat bazası yaradılıb.
Layihə çərçivəsində aşağıda əks olunan işlərin icrası təmin olunub:
- Kompleks ərazisində müvafiq tədqiqat işlərinin aparılması;
- Təsdiqlənmiş konsepsiya layihəsi əsasında dizayn (layihələndirmə) təlimatlarının (layihənin icmalı) hazırlanması;
- Muzeylər üçün tarixi məlumatların və məzmunun araşdırılması və toplanması;
- Muzeyin ekspozisiyaları boyunca hər bir mövzu üzrə yaradıcı yanaşma və hekayə/mətnlərin hazırlanması;
- Məzmunun icrası və multimedia materiallarının istehsalı;
- Memorial Park ərazisi üçün işarə lövhələrinin qrafik dizaynı və oflayn məzmun istehsalı.