Dünya bankı, ikili standartlar, həmrəylik və Qarabağ barədə...
17 sentyabr, 2021
Dünya bankı, ikili standartlar, həmrəylik və Qarabağ barədə...

Müəllif: Rəhman Hacıyev

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri

Beləliklə, bu gün məlum oldu ki, Dünya Bankı Doing Business (DB) hesabatında Azərbaycanın reytinqini aşağı salmaq üçün məlumatları təhrif edib.

"Kommersant" qəzetinin bildirdiyinə görə, digər ölkələrlə də problemlər olub, lakin o hallarda reytinq artırılıb. Yalnız Azərbaycan "cəzalandırılıb".

Reytinqin bundan sonra yayımlanması dayandırılıb, bu qərarın səbəbi isə dünya maliyyə institutlarının tarixində ən böyük qalmaqala çevrilə bilər.

Qısaca desək, araşdırmalar göstərdi ki, qərəzli və qeyri-dəqiq yaxşılaşdırma 2018-ci ildə Çinin, 2020-ci ildə Səudiyyə Ərəbistanının DB reytinqlərində, pisləşmə isə Azərbaycanın 2020-ci il üzrə reytinqində olub.

Reytinqdəki bu dəyişikliklər DB-nin sabiq rəhbəri Cim Yen Kim, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva və reytinqin yaradıcılarından biri Simeon Dyankovun təzyiqləri altında baş vermişdir.

Təbii ki, hələ ki heç kəs korrupsiyada ittiham edilməyib.

Bir çox ölkələrin investisiya mühitinin yaxşılaşması zamanı əsaslandığı Doing Business reytinqinin (və elə Dünya Bankının özünün) nüfuzu darmadağın olub.

“WilmerHale” şirkətinin (kənar auditin aparılması üçün cəlb edilmiş şirkət) verdiyi məlumata əsasən, 2019-cu ilin avqustunda DB-2020-nin hazırlanması zamanı Dyankov Azərbaycanda aparılmış bəzi islahatların nəticələrini nəzərə almaqdan özbaşına imtina etmiş, islahatların guya ki, "dondurulduğunu" ortaya çıxaran qondarma "xarici audit" təşkil etmişdir.

Azərbaycanla bağlı Simeon Dyankov şübhəli "Özbəkistan protokoluna" əsaslanmış, bununla da DB komandası yalnız öz nöqteyi-nəzərini əsas götürərək bu ölkədən gələn məlumatları əvvəlcədən "dondurmaq" (qəbul etməmək) qərarı qəbul etmişdir.

Bunun nə "protokol" olduğu saxtakarların özündən başqa heç kəsə məlum deyil.

Qeyd etmək lazımdır ki, “WilmerHale”-dən alınan məlumata əsasən, əməkdaşlardan bir çoxu Simeon Dyankovun "düşməncəsinə" şərhlər verdiyini bildirmiş, demək olar ki, hamı onu "tiran" və "kobud", reytinqi hazırlayan komandanın "zəhərli atmosfer" yaradan şəxsi adlandırmışdır.

Bütün bunları göz önünə gətirərək hər zamankı sualımı təkrar etmək istəyirəm ki, Qarabağın dirçəlişində, belə deyək, "sivil dünyanın" köməyinə ümid edə bilərikmi?

Mən birmənalı cavablar vermək istəmirəm. Amma son illərin hadisələri mənim üçün, belə deyək, bəsirət gözünün açılmasına səbəb oldu və aydın şəkildə göstərdi ki, bu dünyada yalnız özümüzə və uzun illərdən bəri bizə əsl qardaş münasibəti göstərən dost ölkələr qrupuna (məsələn, Türkiyə, Pakistan, İsrail) arxalanmalıyıq.

Qalan şeylərdə isə - dünyanı yüz illər bundan əvvəl də olduğu kimi dəyişməz keyfiyyətlər idarə edir - saxtakarlıq, ikiüzlülük, riyakarlıq və s.

Soruşacaqsınız ki, mən niyə belə pessimist yanaşıram?

Cavab olaraq bir neçə nümunə çəkəcəyəm.

- 44 günlük Vətən Müharibəsi zamanı kimi zorakılıqda, Yaxın Şərqdən olan beynəlxalq terroristlərin cəlb olunmasında günahlandırdılar? Düzdür, bizi. Baxmayaraq ki, hələ 90-cı illərin əvvəllərində məhz bizim qonşularımız Qarabağı Livan saqqallılarına təlim keçilməsi üçün istifadə edirdilər.

Erməni silahlı qüvvələrinin şəhərlərdəki mülki əhalini raket atəşinə tutduğu vaxt dünya liderlərindən heç olmasa BİRİNİN bu dəhşətli cinayəti törədənləri qınayan bəyanatının şahidi olduqmu? Bu zaman Makron harada idi? Digər həmsədrlər harada idi?

- Daha bir nümunə. Bu yaxınlarda məlum oldu ki, "Avropa İttifaqı (Aİ) regionun problemlərinin həllində daha fəal iştirak etmək niyyətindədir" (Deutche Welle-dən sitat). Amma Brüsselsayağı "həll" çoxsaylı suallar doğurur.

Belə ki, Aİ Azərbaycana cəmi 150 mln avro ayırmağa hazırlaşır, buna qarşılıq Yerevana ayrılan məbləğ 2,6 milyard avrodur.

Erməni işğalçı qüvvələrinin Qarabağ regionuna vurduğu ziyanın həcmini nəzərə alsaq, müəmmalı qərardır. Ölkələrin qarşısında duran həll edilməli olan məsələləri nəzərə alsaq, belə qeyri-bərabərliyi izah etmək mümkünsüzdür.

Bu nədir? Tərəflərin qüvvələrini bərabərləşdirməyin yeni cəhdi? Ya bu da Dünya Bankının reytinqinin tərtib edilməsi zamanı ölkəmizə göstərilən düşmənçiliyin daha bir bayağı nümunəsidir?

Və ümumiyyətlə, məgər bu dünyada bizim özümüzdən başqa kimisə bizim gələcəyimiz həqiqətən də maraqlandırırmı?

Bütün dünyanın qəbul etdiyi lider (bəli, mən ABŞ-ı nəzərdə tuturam) vaksinə kəskin ehtiyac duyan ölkələrə kömək etməkdən imtina edir, koronavirus pandemiyasının pikdə olduğu bir dövrdə onlara qapılarını bağlayır.

Bütün dünyanın qəbul etdiyi həmin bu liderin öz tərəfdaşlarını və heç də öz istəyi ilə "Taliban"ın simasında beynəlxalq terrorçu güclərlə genişhəcmli münaqişəyə cəlb edilmiş sadə əfqan xalqını taleyin hökmünə buraxdığı bir dünyada.

Təyyarənin şassisindən yapışıb (!) ölkədən qaçmağa çalışan əfqanların əks olunduğu kadrlar mənə birmənalı cavab verir - bu problemlər heç kəsin vecinə deyil.

Bizim taleyimiz yalnız öz əlimizdədir və demokratiya barədə beynəlxalq institutların nümayəndələri tərəfindən səsləndirilən “gözəl” fikirlər sadəcə gözəl söz xətrinə deyilmiş sözlərdir.

Mənim yuxarıda dediklərim Qərb ölkələrinə inkişaf etməyə imkan verən dövlət idarəçiliyi prinsiplərini tətbiq etməli olmadığımız anlamına qətiyyən gəlməməlidir.

Amma bu, başqalarının nümunəsinin kor-koranə tətbiqi olmamalı, bugünkü vəziyyət unudulmamalıdır (mədəni xüsusiyyətlər, qlobal çağırışlar, milli maraq və məqsədlər).

Mən əminəm ki, bu gün bizim əsas vəzifəmiz Qarabağın bərpasıdır. Bu onun dirçəlişi və Böyük Azərbaycana yenidən inteqrasiyasıdır.

Və buna həmrəylik, ümummilli birlik, bu müqəddəs məqsədə çatmaq yolunda özünü qurban verməyə hazır olmadan nail olmaq sadəcə mümkünsüzdür.

Bizi məqsədli şəkildə reytinqlərdə aşağı yerlərə salacaq, faktları təhrif edəcəklər.

Aqressora ayırdıqları çoxmilyardlı pul dəstəyinin müqabilində bizə qəpik-quruş ayıraraq dəstək göstərməkdən imtina edəcəklər.

Bizi bütün dəhşətli günahlarda ittiham edəcək, öz doğma evlərindən onilliklər boyu uzaq yaşayan yüz minlərlə azərbaycanlının çəkdiyi əzablara göz yumacaqlar.

Amma bu bizi saxlamayacaq.

Liderimiz Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, Qarabağı cinayətkar erməni işğalına qədərki dövrdə olduğundan daha gözəl, daha yaşıl, daha dayanıqlı hala gətirəcəyik!

Çünki Qarabağ Azərbaycandır!

Xəbəri paylaş
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının I Vitse-Prezidenti Heydər Əliyev Mərkəzi