ANAMA-ya “Revival P” minatəmizləmə maşınının ianə edilməsi

Bakı şəhəri | Yekunlaşıb | Bərpa və yenidənqurma
01/9

Layihə haqqında

  • Resipiyent: Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)
  • Maliyyə dəstəyi: Azərbaycan Respublikasında fəaliyyət göstərən bir qrup yerli sahibkar (Qarabağ Dirçəliş Fondu vasitəsi ilə)

26 avqust 2023-cü il tarixində sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna “İmprotex İndustries” (Azərbaycan) şirkətinin istehsalı olan “Revival P” minatəmizləmə maşını ianə olunub.

Sentyabrın 4-də QDF tərəfindən həmin maşının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) verilməsinə həsr olunan təqdimat mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, QDF-in Müşahidə Şurasının üzvü Rövşən Rzayev, Milli Məclisin deputatı, QDF-in Müşahidə Şurasının üzvü Fatma Yıldırım, İqtisadiyyat Nazirliyinin nümayəndələri, “İmprotex” Şirkətlər Qrupunun təsisçisi Füzuli Ələkbərov və şirkətin rəhbərliyi, Fondun tərəfdaşları və donorları, eləcə də media nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə ianə edilən texnikanın siyahısı:

  • “Revival P” piyada əleyhinə minatəmizləmə maşını (1 ədəd)

Texniki göstəriciləri:

  • Partlayışa qarşı dayanıqlığı – 7 kq TNT-yə qədər
  • İdarəetmə məsafəsi – 2000 m
  • Minatəmizləmə bacarığı - 2500 m2/saat
  • Hərəkət sürəti - 5 km/saat
  • İşləmə sürəti - 0.5-1.5 km/saat
  • Dırmanma qabiliyyəti - 35°
  • Çəkisi – 6500 kq

Qeyd olunmalıdır ki, minalar və müharibənin digər partlamamış qalıqları hər ay dünyada minlərlə insanın ölümünə və şikəst olmasına səbəb olur. Ölkəmizdə də aktual olan bu problem Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsidir.

İlkin qiymətləndirmələrə görə, işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırılıb. İkinci Qarabağ müharibəsi başa çatandan 2023-cü il 07 oktyabr tarixinə qədər ölkəmizin işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində ümumilikdə 331 nəfər zərər çəkib. Bunlardan 49 nəfəri mülki, 15 nəfəri hərbçi olmaqla 64 nəfər həlak olub, 103 nəfər mülki şəxs, 164 nəfər hərbçi isə yaralanıb.

Ümumilikdə 1991-ci ildən 2023-cü ilin 07 oktyabr tarixinə qədər baş vermiş mina hadisələri nəticəsində 357 nəfəri uşaq, 38 nəfəri isə qadın olmaqla, 3410 nəfər mina partlayışından həlak olub və ya xəsarət alıb.

26 may 2023 tarixində Bakıda keçirilən “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransın iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müraciətində bu problemin həll edilməsi yüksək prioritetli məsələ kimi qeyd olunub.

“... Minalardan təmizlənmiş torpaqların gələcəkdə xalqımızın rifahına və tərəqqisinə mühüm töhfə verəcəyini və bunun geniş perspektivdə ölkəmizin ümumi inkişafı baxımından əhəmiyyətini nəzərə alaraq Azərbaycan minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişaf ilə birbaşa əlaqə kontekstində görür. Məhz buna görə Azərbaycanda humanitar minatəmizləmə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edilir”- deyə, dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, hazırda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilən ərazilərdə geniş quruculuq işlərini həyata keçirmək üçün mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları dayanmadan aparılmaqdadır. Buna görə də işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərində pul vəsaiti ilə yanaşı texniki vasitələrə də ehtiyac duyulur.

Qarabağ Dirçəliş Fondu tərəfdaş və donorların dəstəyi ilə Qarabağda həyata keçirilən layihələrin icrası üçün tələb olunan texniki vasitələrin və digər zəruri avadanlıqların təmin edilməsini həyata keçirir.

Hazırda həmin texnikalar işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işlərində istifadə olunur.

Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərin bərpası üçün həm pul vəsaiti, həm də texnikalar ianə edən bütün tərəfdaşlarına təşəkkür edir və hər kəsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin təşkili və sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.