"Qarabağ Dirçəliş Fondunun Dostları" işgüzar platforma
QDF tərəfindən Elm və Təhsil nazirinin iştirakı ilə təhsil müəssisələri və donorlar arasında fikir mübadiləsi görüşü keçirilib
Oktyabrın 8-də Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə ali və özəl təhsil müəssisələrinin rəhbərləri, eləcə də ölkənin aparıcı şirkətlərinin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə Qarabağın bərpa və quruculuq prosesində təhsil müəssisələrinin rolu, bu sahədə əməkdaşlığın inkişafı və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Elm və Təhsil naziri Emin Əmrullayev işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə davam etdirildiyini deyərək həmin ərazilərdə təhsil sahəsi ilə bağlı da iri layihələrin həyata keçirildiyini söyləyib. Misal olaraq Ağalı kəndində yeni tikilmiş məktəbi qeyd edən nazir həmin məktəbdə ən müasir infrastrukturun və şəraitin yaradıldığını diqqətə çatdırıb.
Emin Əmrullayev Şuşa, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilanda da yeni məktəblərin tikintisi ilə bağlı işlərin davam etdirildiyini qeyd edib.
Nazir bildirib ki, ilk növbədə işğaldan azad edilən ərazilərə qayıdan insanların bilik və bacarıqları nəzərə alınmalıdır. Onun sözlərinə görə, həmin ərazilərdə proqressiv şəhər modelini qurmaqla və yeni iş yerləri yaratmaqla gənclərin ora daha tez qayıtmasına nail olmaq mümkündür.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev görüş iştirakçılarına QDF-in fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Rəhman Hacıyev işğaldan azad edilmiş ərazilərin bərpasında təhsil müəssisələrinin böyük rolunun ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bu sahədə təhsil müəssisələrinin əməkdaşlığı və birgə layihələrin həyata keçirilməsi bərpa prosesini sürətləndirə bilər. Rəhman Hacıyev işğaldan azad edilən ərazilərimizə vurulan zərər və həyata keçirilən layihələrlə bağlı ilk növbədə gənclərin, o cümlədən tələbələrin məlumatlandırılmasının vacibliyini qeyd edib. Bu məqsədlə universitetlərdə maarifləndirmə tədbirlərinin keçirilməsi ilə bağlı təkliflər göndərildiyini deyən İdarə Heyətinin sədri müsbət yanaşmaya görə universitetlərin rəhbərlərinə təşəkkürünü bildirib.
Rəhman Hacıyev torpaqlarımızın işğaldan azad olunmasından sonra qarşılaşdığımız mənzərə ilə bağlı danışarkən qeyd edib ki, dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Birgə atacağımız addımlar həm dövlətin bərpa prosesində yükünü azalda, həm də bərpa və yenidənqurma istiqamətində görülən işləri sürətləndirə bilər.
Sədr Fond yarandığı gündən etibarən minlərlə həmvətənimizin, yüzlərlə şirkətin Qarabağın dirçəlişi kimi mühüm bir dəyər ətrafında birləşmək, bu istiqamətdə görülən işlərə dəstək olmaq məqsədilə birlik nümayiş etdirərək könüllülük prinsipi əsasında QDF-ə ianə etdiyini bildirib. Bu isə xalqımızın həmrəyliyinin bariz nümunəsidir.
Bir sıra dövlət qurumları ilə, eyni zamanda Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandığını qeyd edən Rəhman Hacıyev, birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən və Fondun maliyyə dəstəyi göstərdiyi layihələr barədə məlumat verib.
Fondun fəaliyyətində korrupsiya ilə mübarizəyə və şəffaflığa xüsusi önəm verildiyini deyən Rəhman Hacıyevin sözlərinə görə, fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin edilməsi məqsədilə Fond özü də bütün mal və xidmətləri dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq açıq tender və digər müvafiq üsullar şəklində həyata keçiri. Bu isə öz növbəsində rəqabətliliyin artırılmasına, sahibkarlar üçün əlverişli biznes şəraitinin yaradılmasına əhəmiyyətli töhfədir.
İdarə Heyətinin sədri bildirib ki, qanunla müəyyən olunan hesabatlılığı ilə yanaşı Fond cəmiyyət qarşısında da öz məsuliyyətini hiss edir. Fondun həyata keçirdiyi tədbirlər, layihələrin icra vəziyyəti, audit nəticələri kimi məlumatların mütəmadi olaraq ictimaiyyətlə bölüşülməsi, eyni zamanda Fondun rəsmi veb-saytında hesabatların açıq formada yerləşdirilməsi və əlçatanlığı bunun əyani sübutudur.
Fondun dəstəyi ilə həyata keçirilən layihələrdən danışan Rəhman Hacıyev Fondun tarixi abidələrin bərpası ilə yanaşı ekoloji layihələrə xüsusi önəm verdiyini qeyd edib. Onun sözlərinə görə, Zəngilan rayonunda meşə massivinin salınması layihəsi yaxın zamanlarda başa çatdırılacaq. Bundan başqa Füzuli şəhərində 22 hektar ərazidə möhtəşəm Mərkəzi Park salınacaq.
Tədbirdə ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın olduğu, “Karabakh.Center” internet-resursunun (https://karabakh.center/az) materialları əsasında hazırlanan “Qarabağda urbisid” videoçarxı nümayiş etdirilib.
Görüşdə Fondun ianəçiləri sırasında olan Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova “Qarabağa hərəmizdən bir fidan” adlı xeyriyyə konserti haqqında məlumat verib. Qeyd edib ki, uşaqların iştirakı ilə təşkil olunan xeyriyyə konsertindən əldə olunan vəsait hesabına Qarabağda meşə massivin salınması layihəsinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fonduna 600 ağac ianə edilib.
Çıxışlardan sonra görüş müzakirələrlə davam edib. Müzakirələr zamanı Qarabağın bərpa və quruculuq prosesində təhsil müəssisələrinin rolu ilə bağlı fikirlər səsləndirilib, həmin fikir və təkliflər ətrafında müzakirələr aparılıb.
Müzakirələrdən sonra Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərən donorlara - Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Musiqi Kolleci, Kaspi liseyi, İ.Əfəndiyev adına Elitar Gimnaziya, Təhsil Nazirliyinin təsərrüfat hesablı ATTİ, Astara rayonu Pedoqoji Kolleci və Landau School-a Elm və Təhsil naziri Emin Əmrullayev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tərəfindən “İanə sertifikatı” təqdim olunub.
Razılaşmada eyni zamanda işğal nəticəsində Qarabağ bölgəsinə vurulan zərər haqqında məlumatların təhsil sisteminin iştirakçıları, digər marağı olan şəxslər və qruplar arasında təbliği, o cümlədən həyata keçirilən layihələrdə gənclərin iştirakının təşviqi ilə əlaqədar birgə layihələrin reallaşdırılması öz əksini tapıb.