“Qarabağın Rəngləri”
“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi
Mayın 20-də “Four Seasons Baku” otelində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirilib.
Tədbirdə rəsmi şəxslər, millət vəkilləri, tanınmış mədəniyyət və ictimaiyyət nümayəndələri, Fondun donorları, eləcə də layihə çərçivəsində hazırlanan əsərlərin müəllifləri və media nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində qonaqlar layihə çərçivəsində yaradılan sənət əsərlərindən ibarət xüsusi sərgi ilə tanış olublar.
Daha sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Qarabağın Rəngləri” layihəsi ilə bağlı məlumat verərək bildirib ki, layihənin həyata keçirilməsində başlıca məqsəd ölkə ictimaiyyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri ətrafında birləşərək, bərpa və quruculuq işlərinə töhfə verə bilməsi və ən əsası bu torpağın gözəlliyinin və Azərbaycan xalqının mədəni irsinin təbliğ olunmasıdır.
Qeyd olunub ki, yaradılan əsərlər yaxın zamanda yeni sahiblərinin razılığı ilə Bakının məşhur qalereyalarının birində açıq sərgi formasında nümayiş olunacaq.
Layihəyə həsr olunan qısametrajlı film nümayişindən sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 23 istedadlı tələbələsi tərəfindən yaradılan 19 rəngkarlıq və 4 heykəltəraşlıq əsəri və onların “Xalislik” sertifikatları Fonda ianə edərək onları əldə edən yeni sahiblərinə təqdim olunub.
Qeyd edək ki, əsərlər layihənin rəsmi www.colorsofkarabakh.com internet səhifəsi vasitəsilə satılıb. Əsərlərin satışından Fonda 90.200 manat ianə edilib.
Tədbir zamanı “Azərxalça” ASC tərəfindən Qarabağ Dirçəliş Fonduna hədiyyə edilmiş “Qarabağ incisi” xalçası da iştirakçılara təqdim edilib.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov Qarabağın rənglərini özündə təcəssüm etdirən xalça ilə bağlı geniş məlumat verib.
Qeyd olunub ki, toxunmasına 2022-ci ilin noyabr ayında başlanan xalçaya ilk ilmələri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva atıb. Daha sonra 42 ölkədən olan 162 qonaq da xalçaya ilmə atmaqla bu möhtəşəm sənət əsərinin bir parçasına çevriliblər.
Sonra “Qarabağın incisi” xalçasının simvolik ipinin kəsilməsi mərasimi keçirilib, qədim adət-ənənəyə uyğun olaraq xalçanın üzərinə şirniyyat səpilib.
Qeyd edilib ki, xalça yaxın günlərdə xeyriyyə satışına çıxarılacaq və satışdan əldə olunan bütün vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov, Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev də çıxış ediblər.
Tədbir zamanı əsərlərin ərsəyə gəlməsində mentor kimi verdikləri töhfəyə görə Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Akademiyanın prorektorları Səlhab Məmmədov və Fuad Salayevə xüsusi plaketlər təqdim olunub. Eyni zamanda layihəyə verdiyi təşkilati dəstəyə görə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına “Təşəkkür” sertifikatı verilib, daha sonra isə xatirə fotosu çəkilib.
Qeyd edək ki, “Qarabağın Rəngləri” layihəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə həyata keçirilib.
Layihə çərçivəsində “Xalislik” sertifikatı təqdim olunan şəxslər:
- “Qarabağ gözəli”, “İşıltılı zaman” və “Cəsarətin zərafəti” - “Baku Steel Company” şirkətinin baş direktoru Kamal İbrahimov
- “Arzular körpüsü” və “Dağların melodiyası” - “Avrora Qrup” şirkətinin prezidenti Ceyhun Abbasov
- “Sevinc festivalı” - “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimova (“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndəsi vasitəsi ilə)
- “Qırxqız yaylağı” - “Veysəloğlu Şirkətlər Qrupu”nun baş icraçı direktoru Aydın Talıbov
- “Qarabağın izləri” - “Profix” MMC-nin baş direktoru Elmir Həsənov
- “Ümid körpüsü” - “McDonald`s Azərbaycan” QSC-nin baş direktoru Oskar Boqopolskiy
- “Tarixin ruhu” - “Moskva Ticarət Mərkəzi”nin təsisçisi Anar Babayev
- “Per tempus” və “Zəfər düzü” - sahibkar Məhəmməd Əliyev
- “Vətən qucağı” - “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş
- “Ədən bağı” - “İmprotex Trucks and Buses” şirkətinin direktoru Fərid Abdullayev
- “Vətənin əks sədaları” - Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev
- “Qarabağ şikəstəsi” - “CPM İnvest İnvestisiya Şirkəti”nin icraçı direktoru Nəriman Hadiyev
- “Hekayəli keçmişdən fraqmentlər” - Azərbaycan Beynəlxalq Bankının baş direktoru Nərgizxanım Biləndərli
- “Hüzur” - “Paşa Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Fariz Əzizov