Dəyərlər, Missiya və Məqsədlərimiz

Missiya

Missiya

Qarabağ Dirçəliş Fondunun missiyası Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstəyin göstərilməsidir.

Dəyərlərimiz

Dəyərlərimiz

Həmrəylik

Müxtəlif təcrübələrə və tədqiqatlara əsasən, “quruculuq” “həmrəylik” ideyası ilə vəhdətdə effektiv nəticələr vəd edir. Tarix boyu baş vermiş müharibələrin acı nəticələrinin aradan qaldırılması, müharibədən sonra bərpa və yenidənqurma prosesi “Həmrəylik” (solidarizm) ideyası, ictimaiyyətlə dövlətin səylərinin sinerjisi üzərində qurulub və bu birlik müharibədən zərər görmüş regionların qısa müddətə bərpasını təmin edib. İşğaldan azad edilən ərazilərimizin bərpası, yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi prosesinin sürətləndirilməsi dövlətə ictimai dəstəyin verilməsini labüd edir. İctimaiyyətin (o cümlədən diasporun) və dövlətin sinerjisi əlavə resurslar təmin edərək dövlət büdcəsinə düşən yükü müəyyən qədər azaldacaq. Gücümüz birliyimizdədir.

Şəffaflıq

Qanun və ya biznes təcrübəsinə uyğun olaraq tələb olunan məlumatı vaxtında müvafiq qurumlara və ictimaiyyətə açıqlamaq. Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənən Nizamnamədən irəli gələrək şəffaflığın təmin edilməsini əsas prioritet olaraq görür. Fond müvafiq dövlət qurumları qarşısında qanunla müəyyən edilən hesabatlılıqla yanaşı, cəmiyyət qarşısında da hesabatlı olduğunu vurğulayır.

Sosial məsuliyyət

Ətraf mühitin və bütövlükdə cəmiyyətin maraqlarına uyğun şəkildə fəaliyyət göstərmək.

Müxtəliflik

Yaşından, cinsindən, etnik mənsubiyyətindən, dinindən, fiziki məhdudiyyətindən, təhsilindən asılı olmayaraq donorlara, tərəfdaşlara, təchizatçılara, işçilərə və digər steykholderlərə (maraqlı tərəflərə) hörmət və nəzakətlə yanaşmaq.

Təvazökarlıq

Donorlara, tərəfdaşlara, təchizatçılara, işçilərə və digər steykholderlərə qarşı nəzakət və hörmətlə yanaşmaq, onlara təkəbbür hissi ilə yanaşmamaq; Fondu işğaldan azad edilmiş əraziləri dirçəltmək üçün çalışan və müxtəlif qurumlardan ibarət olan böyük komandanın yalnız bir elementi kimi qəbul etmək.

Məqsədlər

Məqsədlər

Sabit artım

Köçürülən ianələrin daimi artımı hesabına Fondun aktivlərinin davamlı artmasına nail olmaq və həyata keçirilən layihələrin yalnız sərbəst vəsaitlərin idarə olunması nəticəsində əldə olunan mənfəət hesabına maliyyələşdirilməsini təmin etmək.

Dayanıqlı Fond

İşğaldan azad edilmiş ərazilərin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsinə dəstək göstərən, öz fəaliyyətində müasir sosial, ətraf mühit və korporativ idarəetmə (ESG) prinsiplərinə əsaslanan dayanıqlı Fonda çevrilmək.

“Dövlət – Biznes - Cəmiyyət” Sinergiyası

Müxtəlif steykholderləri “Qarabağın dirçəlişi” ideyası ətrafında sıx birləşdirməklə, bu mühüm işə Azərbaycan biznesinin, cəmiyyətinin və diasporunun geniş resurslarının cəlb edilməsi məqsədi ilə qarşılıqlı əlaqələrin qurulması və idarə edilməsi.

*Qeyd: Steykholder - (eng. - stakeholder) təşkilatda marağı olan, onun fəaliyyətinə təsir göstərə və (ya) təsirinə məruz qala bilən tərəflərdir. Steykholderlər təşkilata birbaşa (məs., əməkdaşlar, donorlar, müştərilər və ya tərəfdaşlar) və ya dolayı (dövlət orqanları, ictimai birliklər, həmkarlar ittifaqları, QHT-lər və s.) təsir göstərə bilərlər.