Muxtar Bahadur oğlu Babayev 16 oktyabr 1967-ci il tarixində Bakı şəhərində anadan olub. 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib.
1991-1992-ci illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışıb. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib.
1994-2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003-2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb. 2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının “Dünya iqtisadiyyatı” ixtisasını bitirib.
2007-2010-cu illərdə SOCAR-da Ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. 2010-2018-ci illərdə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
19 sentyabr 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı, 2017-ci il 7 noyabr tarixində isə “Şöhrət” ordeni ilə təltif olunub.
2018-ci il aprelin 23-dən 2025-ci il fevral 5-dək Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.
Dövlət başçısının 2025-ci il 5 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.