Fatma Vidadi qızı Yıldırım 12 yanvar 1973-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Fizika-riyaziyyat elmləri namizədidir.
1994-2012-ci illərdə elmi-pedaqoji fəaliyyətlə yanaşı müxtəlif özəl şirkətlərdə insan resurslarının idarə edilməsi sahəsində rəhbər vəzifələrdə çalışıb. 2012-2016-cı illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Hüquq və təşkilati təminat şöbəsinin müdir müavini, 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində İnformasiya təminatı və insan resursları şöbəsinin müdiri, daha sonra 2018-2020-ci illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində İnsan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür. 2012-ci ildən etibarən çalışdığı dövlət orqanlarında Yeni Azərbaycan Partiyasının ərazi üzrə təşkilatlarının sədr müavini, həmçinin, Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri olaraq fəaliyyət göstərib.
2000-2009-cu illərdə Belçika Krallığında fəaliyyət göstərən “Avropa Azərbaycanlıları Mərkəzi” adlı diaspor təşkilatının rəhbəri olub.
2020-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatıdır. Milli Məclisin “Təbii ehtiyatlar, energetika və ekologiya”, eyni zamanda, “Elm və təhsil” komitələrinin üzvüdür.
Səudiyyə Ərəbistanı parlamenti ilə əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belçika, Çexiya, İsrail, İtaliya, Qazaxıstan, Latviya, Niderland, Özbəkistan, Rusiya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.
Ailəlidir, iki övladı var.