Kamal Mehdi oğlu Abdullayev 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıdakı 190 saylı orta məktəbi bitirib.
Bakı Slavyan Universitetinin ilk rektoru (2000-2014), Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibi (2011-2014), Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri (2014-2017), Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Mədəniyyət Fondunun (Azərbaycan Yaradıcılıq Fondu) sədri, Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki), Moskva Şəhər Pedaqoji Universitetinin və Ural Federal Universitetinin fəxri doktoru, Poltava İqtisadiyyat və Ticarət Universitetinin fəxri professoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Təhsil Elmləri Akademiyasının həqiqi üzvü, Rus PEN-klubunun (Moskva) üzvüdür.
Sofiya Universitetinin ali mükafatı – “Honorary Blue Ribbon İnsignia” (“Mavi Lent Fəxri Nişanı”) laureatı, 2016-cı ildən AMEA-nın “Türkologiya” (1992-ci ilin yanvarın 16-na qədər “Советская тюркология”) jurnalının baş redaktorudur. Elmi maraq dairəsi - dilçilik, ədəbiyyat, türkologiya, mədəniyyətşünaslıqdır.
1984-cü ildə Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyası müdafiə edib.
2000-ci ilin iyun ayında ölkə Prezidenti Heydər Əliyevin sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilib. 2014-cü ilin fevral ayına qədər rektor kimi fəaliyyət göstərib. Məhz bu dövrdə Bakı Slavyan Universiteti həm ölkə, həm də beynəlxalq səviyyədə böyük nüfuz qazanaraq təqdir edilib.
2011-2014-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölməsinin akademik-katibi vəzifəsində çalışıb.
2014-cü ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.
Ölkə Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2014-cü il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edilib. 28 noyabr 2014-cü il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının ilk iclasında bu qurumun Himayəçilik Şurasının sədri seçilib.
17 fevral 2016-cı ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə AMEA-nın “Türkologiya” jurnalının baş redaktoru təyin edilib.
2017-ci ildən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dillər Universitetinə rektor vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.