“Qarabağda aparılan bərpa və yenidənqurma işlərində korrupsiyaya qarşı mübarizə kontekstində şəffaflığın və rəqabətliliyin təmin edilməsi” mövzusunda müzakirə görüşü keçirilib

“Qarabağda aparılan bərpa və yenidənqurma işlərində korrupsiyaya qarşı mübarizə kontekstində şəffaflığın və rəqabətliliyin təmin edilməsi” mövzusunda müzakirə görüşü keçirilib

|
Paylaş:

Tədbir çərçivəsində “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun məqsədi, 2025-ci il dəyişiklikləri, o cümlədən korrupsiya risklərinin idarə edilməsi və məlumatvermə mexanizmləri barədə ətraflı məlumat verilib.

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə videokonfrans formatında keçirilən tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru Səadət Cahandarova, “1news” İnformasiya Agentliyinin baş redaktoru Kəmalə Məmmədova, “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev, Veysəloğlu Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar direktoru Sənubər Nəzərova, Qarabağ Dirçəliş Fondunun struktur bölmə rəhbərləri, kommersiya qurumları, donor şirkətlər, eyni zamanda media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, tədbir dövlət başçısının 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1 və 6.9-cu bəndlərinə dair tapşırığın icrası məqsədilə həyata keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri zamanı şəffaflığın və rəqabətliliyin təmin edilməsi, eləcə də bu istiqamətdə qarşıda duran əsas vəzifələr müzakirə olunub.

Tədbir zamanı şəffaflığın maksimum təmin edilməsi üçün Qarabağ Dirçəliş Fondu tərəfindən maliyyə vəsaitinin ayrılması prosesinin “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunu və Fondun “Qrantın verilməsi qaydaları”nın tələblərinə əsasən həyata keçirildiyi, eyni zamanda Fondun fəaliyyətinin şəffaflıq, hesabatlılıq və cəmiyyətlə sıx əməkdaşlıq prinsipləri əsasında qurulduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, bunu dünyanın aparıcı audit şirkətlərindən biri olan “PwC Azərbaycan” şirkətinin Fondun maliyyə hesabatları barədə verdiyi rəy də sübut edir. Eyni zamanda Fondun maliyyə hesabatlarının davamlı olaraq ictimaiyyətə açıqlanması da ianə edilmiş vəsaitlərin şəffaf şəkildə idarə olunduğunu göstərir.

Tədbirdə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, 1news İnformasiya Agentliyinin baş redaktoru Kəmalə Məmmədova, “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev, Veysəloğlu Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar direktoru Sənubər Nəzərova və digər natiqlər Qarabağın bərpası prosesində şəffaflığın təmin edilməsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə KİV və ictimai sektorun üzərinə düşən məsuliyyətdən, açıq və etibarlı məlumatlandırmanın cəmiyyətlə düzgün kommunikasiyanın qurulmasındakı rolundan, həmçinin şəffaflığın ictimai etimadın formalaşmasına verdiyi töhfədən bəhs ediblər.

Tədbirin sonunda milli birlik və həmrəyliyin Vətənimizin taleyində aparıcı istiqamət olması və Qarabağın yenidən dirçəlməsində hər kəsin fəal iştirakının vacibliyi vurğulanıb.

Digər xəbərlər