Anım Günü münasibətilə Laçında ağacəkmə aksiyası keçirilib

Anım Günü münasibətilə Laçında ağacəkmə aksiyası keçirilib

|
Paylaş:

24 sentyabr 2026-cı il tarixində Anım Gününün altıncı ildönümü münasibətilə Laçın rayonunda ağacəkmə aksiyası keçirilib.

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, o cümlədən Fondun donor və tərəfdaşları, ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti və rayon sakinləri iştirak ediblər.

Tədbir Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Anım Gününün xalqımızın Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə ehtiramını ifadə edən mühüm gün olduğunu bildirib. Qeyd edib ki, Laçının yenidən qurulması və inkişafı ilə yanaşı, şəhərin təbii mühitinin qorunması, yaşıllıq sahələrinin artırılması və ekoloji tarazlığın təmin edilməsi də diqqətdə saxlanılır.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışında şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasının hər birimiz üçün mənəvi borc olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu əlamətdar gün Vətənimizin ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərimizin əziz xatirəsini yad etməklə yanaşı, xalqımızın birlik və həmrəyliyini, Vətənə bağlılığını və milli iradəsini ifadə edir.

Rəhman Hacıyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq prosesi ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası və yaşıllıq sahələrinin genişləndirilməsini də əhatə edir.

Fondun fəaliyyətində Qarabağda ekoloji tarazlığın qorunması və yeni yaşıllıq sahələrinin salınmasının prioritet istiqamətlərdən biri olduğunu vurğulayan Rəhman Hacıyev bildirib ki, Laçında keçirilən ağacəkmə aksiyası şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, Laçın rayonunda daha sağlam ekoloji mühitin formalaşdırılmasına xidmət edir.

Çıxışlardan sonra ağacəkmə aksiyasına start verilib. Aksiya çərçivəsində Laçının təbii mühitinin zənginləşdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi və ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Qara şam, Cökə, Dəmir ağacı, Qırmızı palıd, Arizona sərvi, Dəfnə, Şərq çinarı, Daş palıd, Qızılı tuya ağacları əkilib.

Tədbirin sonunda aksiya iştirakçıları xatirə fotosu çəkdiriblər.

Digər xəbərlər