Sentyabrın 3-də Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Türkiyə Bələdiyyələr Birliyinin xətti ilə ölkəmizə səfərə gələn Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngörün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, millət vəkili Fatma Yıldırım da iştirak edib.
Qonaqları salamlayan Rəhman Hacıyev ilk olaraq Qarabağ Dirçəliş Fondunun yaradılmasının əsas məqsəd və vəzifələri, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin əhəmiyyəti və xalqımızın qarşısında dayanan yeni çağırışlar barədə ətraflı məlumat verib.
Görüş zamanı nümayəndə heyətinin başçısı Hayrettin Güngör qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edərək, Qarabağ Dirçəliş Fondu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirmək niyyətində olduqları bir sıra layihə təklifləri irəli sürüb.
İki qardaş ölkə arasında olan birliyin bütün dünyaya səs saldığını ifadə edən millət vəkili Fatma Yıldırım birgə əməkdaşlıq ideyasını yüksək qiymətləndirib.
Tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlara dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film və ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olduğu “Karabakh.Center” saytının təqdimat videosu nümayiş olunub.
Sonda Türkiyə Bələdiyyələr Birliyinin nümayəndələri tərəfindən xatirə hədiyyələri təqdim olunub.