Qarabağ Dirçəliş Fondu ilə gənclər arasında “Qarabağı anlayaraq dirçəldək!” mövzusunda görüş keçirilib - FOTO

Qarabağ Dirçəliş Fondu ilə gənclər arasında “Qarabağı anlayaraq dirçəldək!” mövzusunda görüş keçirilib - FOTO

|
Paylaş:

Qarabağ Dirçəliş Fondu (QDF) Qarabağ həqiqətləri ilə bağlı gənclərin maarifləndirilməsi, Qarabağda aparılan quruculuq işlərində onların iştirakının daha geniş şəkildə təmin olunması məqsədilə “Qarabağı anlayaraq dirçəldək!” mövzusunda silsilə görüşlərə start verib.

İlk görüş “BİR Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin üzvləri və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə keçirilib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tələbələri salamlayaraq onlara Qarabağda erməni işğalının nəticələri barədə məlumat verib. Dağıntıların miqyasının çox böyük olduğunu deyən İdarə Heyətinin sədri əsas məqsədlərindən birinin ermənilərin Qarabağda törətdikləri cinayətlər, dağıntılar barədə mümkün qədər çox insanı məlumatlandırmaq olduğunu diqqətə çatdırıb.

Hazırda Qarabağda bərpa işlərinin sürətlə davam etdiyini deyən R.Hacıyev hər kəsi bərpa prosesində fəal iştirak etməyə çağırıb:

“Bildiyiniz kimi, işğal müddətində ermənilər Qarabağda misli görünməmiş dağıntılar törədiblər. Dağıdılmış evlərin, abidələrin, digər tikililərin bərpası külli miqdarda vəsait, vaxt tələb edir. Yalnız ictimaiyyətin bərpa prosesinə fəal qoşulması ilə Qarabağı daha tez dirçəldə, qayıdış prosesini sürətləndirə bilərik. Bunun üçün isə ianə etmək də böyük fayda verə bilər”.

“Karabakh.Center” layihəsi barədə məlumat verən R.Hacıyev bu resursun Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmasının təsadüfi olmadığını söyləyib:

“Qarabağ Dirçəliş Fondunun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirdiyi “Karabakh.Center” layihəsi Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb. Fikrimcə, bu çox vacib bir məqsəddir”.

İdarə Heyətinin sədri bildirib ki, təqdim edilən internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır. Bu isə cəmiyyətimizin, diasporanın və dövlətimizin dostlarının səylərinin səfərbər olunmasına təkan verəcək:

“Qarabağda dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkli və video görüntüləri bu saytda yer alır. Burada memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə tanış olmaq mümkündür ki, bu da vaxtilə çiçəklənən bu diyarın əvvəlki görkəmi ilə erməni işğalının fəlakətli nəticələri arasındakı təzadı görməyə imkan verir”.

Sonra Fondun hazırladığı “Qarabağda urbisid” – dağıntıların və zərərin miqyası haqqında sənədli film nümayiş olunub.

QDF-in Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Aybəniz İsmayılova Qarabağın dirçəlişi uğrunda birlik və həmrəyliyin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Şöbə müdiri Ermənistanın ərazilərimizi işğal etməsinin nəticəsi olaraq, azərbaycanlıların bütün mülkiyyətlərindən və həyat tərzlərindən məhrum olması, məhz bu işğal nəticəsində insanların evini, ocağını tərk etməyə məcbur olması, otuz ilə yaxın bir müddətdə doğma torpaqlarından ayrı düşməsini qeyd edərkən, bu gün qalib ölkənin nümayəndələri kimi hər şeyi daha gözəl formada bərpa etmək iqtidarında olmağımızdan danışıb. O, keçmişi unutmamaqla yanaşı gözəl gələcək qurmaq üçün hər bir azərbaycanlını səfərbər olmağa çağırıb.

Tarixçı, siyasi analitik Fərhad Məmmədov “Qarabağ Azərbaycandır!” mövzusunda çıxış edərək tarixə ekskursiya edib, Qarabağ münaqişəsinin səbəbləri barədə danışıb. İkinci Vətən müharibəsinin gedişatı zamanı beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə qarşı təzyiqlərin olduğunu deyən F.Məmmədov bu təzyiqlərin xalqımızın birliyini, əzmini qıra bilmədiyini vurğulayıb.

Jurnalist, 1news.az İnformasiya Agentliyinin əməkdaşı Elşən Rüstəmov “Şəhid şəhərlər” mövzusunda çıxış edərək otuz ilə yaxın davam edən işğal dövründə ermənilərin şəhərlərimizə, kəndlərimizə qarşı həyata keçirdikləri barbarlıq, vandallıq aktları barədə məlumat verib.

QDF-in PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova Qarabağ həqiqətləri ilə bağlı gənclərin təlimatlandırılmasının əhəmiyyətindən danışaraq həm ermənilərin ifşa olunması, həm də Qarabağın bərpası prosesinə daha çox insanın cəlb edilməsi baxımından gənclərin rolunun vacibliyini vurğulayıb.

“BİR Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Elnur Mirzəzadə də bu işdə gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib. O, eyni zamanda gənclərin iştirakı ilə yaxın günlərdə Qarabağla bağlı müxtəlif tədbirlərin və layihələrin həyata keçiriləcəyini də diqqətə çatdırıb.

Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov “Qarabağ tarixinin təhrifi: keçmiş və bu gün” mövzusunda çıxış edərək Qarabağ münaqişəsinin tarixi ilə bağlı gəncləri məlumatlandırıb. Ermənilərin uzun müddətdir ki, tarixi faktları təhrif edərək öz yalanlarına dünyanı inandırmağa çalışdığını deyən F.Cabbarov artıq tutarlı faktlarla ermənilərin ifşa olunduğunu, onların informasiya savaşında da məğlub olduqlarını qeyd edib.

Çıxışlardan sonra Pərvin Məmmədova və Elnur Mirzəzadənin moderatorluğu ilə sual-cavab sessiyası keçirilib. Gənclər onları maraqlandıran mövzular ətrafında suallar verməkə yanaşı, Qarabağın gələcəyi ilə bağlı öz fikir və təkliflərini də səsləndiriblər.

Qeyd edək ki, QDF erməni işğalı nəticəsində xalqımızın Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunmuş “Karabakh.Center” layihəsi çərçivəsində bir neçə alış-veriş mərkəzində foto-sərgilərin keçirilməsi və Qarabağda aparılan bərpa işlərinə ianələrin cəlb edilməsinin təşviqi məqsədilə “BİR Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinə qrant ayırıb.

Nəzərinizə çatdıraq ki, “BİR Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin üzvləri QDF-lə əməkdaşlıq çərçivəsində olduqca vacib bir missiyanı həyata keçirəcəklər. Bunlar aşağıdakılardır:

- Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilmiş şəkildə geniş ictimayyətə çatdırılması;

- Qarabağın yaşayış məntəqələrinə, tarixi abidələrinə və ekologiyasına dəyən ziyanın miqyası haqqında məlumatın yayılması vasitəsi ilə ianəçiliyin təbliği;

- Qarabağın işğalı haqqında tarixi həqiqətləri işıqlandırmaq,

- Memarlıq abidələrinin işğaldan öncə və sonrakı şəkillərini ictimayyətə nümayiş etdirərək, erməni vəhşiliyini sübut etmək.

Onu da bildirək ki, Fond yaxın gələcəkdə digər təşkilatların və universitetlərin tələbələrinin də Qarabağla bağlı həyata keçirilən layihələrdə iştirakını təmin etməyi nəzərdə tutur.

Digər xəbərlər