Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib - FOTO

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib - FOTO

|
Paylaş:

21 oktyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri — Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyev, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycanın Xalq artisti Alim Qasımov və eyni zamanda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.

İclasda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Müşahidə Şurasına görülən işlər, həmçinin icrası nəzərdə tutulan layihələr üzrə sənəd və təkliflər barədə ətraflı məlumatı təqdim edib.

İclas iştirakçıları Qarabağda icra olunacaq layihələrə ayrılacaq maliyyə dəstəyi barədə ətraflı müzakirələr aparıb. Müzakirələr zamanı tarixi abidələrin bərpası üzrə maliyyə dəstəyinin göstərilməsi, Qarabağda ekoloji tarazlığın bərpası üzrə layihələrin həyata keçirilməsi, ianələrin cəlb olunması, Fondun ştat cədvəlinə dəyişikliklərin edilməsi və gündəlikdə duran digər məsələlərə  toxunulub.

Müşahidə Şurası tərəfindən 2021-ci ilin sonunadək Fond tərəfindən həyata keçirilməsi planlaşdırılan layihələr öz təsdiqini tapıb.

Görüşün sonunda işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlər və qarşıda dayanan mühüm vəzifələr barədə danışan tədbir iştirakçıları qeyd ediblər ki, torpaqlarımız işğal altında olarkən bütün bunlar xəyal idi. Lakin Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun qələbəsi nəticəsində torpaqlarımız yenidən öz sahiblərinə qovuşdu. Qeyd edildi ki, artıq biz xoşbəxtik ki, bu gün həmin ərazilərə maliyyə vəsaiti ayrılması, orada yenidən həyatın canlanması barədə müzakirələr aparırıq.

Müşahidə Şurası Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri barədə razılıqlarını ifadə edərək, İdarə Heyətinə müvafiq tapşırıqlar verib.

Digər xəbərlər