2 noyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ölkəmizdə səfərdə olan Estoniya-Azərbaycan parlament qrupunun sədri Sven Sesterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rəhman Hacıyev görüş iştirakçılarına Fondunun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri, hazırkı fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
R.Hacıyev qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun qələbəsi nəticəsində torpaqlarımız yenidən öz sahiblərinə qovuşdu. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra hər birimiz Qarabağda dağıntıların miqyasının nə qədər böyük olduğu faktı ilə üzləşdik. Sədr bildirib ki, Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin bu ərazilərdə apardıqları qeyri-qanuni fəaliyyət və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm kəsb edir.
Daha sonra görüş iştirakçılarına Azərbaycan Respunlikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “Karabakh.Center” internet-resursunda əks olunan dağıntıların foto və video sübutları təqdim olunub.
R.Hacıyev işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində aparılan işlər, erməni işğalı nəticəsində ekologiyaya dəyən zərərin aradan qaldırılması məsələsinin Fondun əsas prioritetlərindən biri olduğunu da qeyd edib.
Rəhman Hacıyev müxtəlif təşviqat tədbirləri, biznes qurumları ilə əməkdaşlığın genişləndirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsinin Fondun əsas prioritetlərindən olduğunu qeyd edib.
Görüşdə nümayəndə heyətinin sədri Sven Sester 3 noyabr 2021-ci il tarixində Ağdama, daha sonra isə Vətən müharibəsi zamanı Gəncə şəhərində baş vermiş terrorun fəsadları ilə tanış olmaq üçün Gəncə şəhərinə yola düşəcəklərini bildirib.
Görüş zamanı Estoniyanın müvafiq qurumları ilə əməkdaşlığın perspektivləri müzakirə edilib və tərəfləri maraqlandıran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.