Dekabrin 13-də Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankının (İİB) nümayəndə heyəti ilə görüşüb.
Görüşdə İslam İnkişaf Bankının Ölkə üzrə Əməliyyatlar Meneceri Dr. Fərid Əhməd Xan, Xəzinədarlıq İdarəsinin Maliyyələşdirmə şöbəsinin rəisi Zakky Bantan, Əməliyyatlar qrupunun rəhbəri Kokhorjon Aminov, Texniki Əməkdaşlıq üzrə Baş Koordinator Əhməd Faruk Diken, bankın ölkə üzrə nümayəndəsi Lalə Yusifova və digər nümayəndələri iştirak edib.
Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev ilk olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfərdən və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından sonra qarşıda duran mühüm vəzifələrdən danışıb.
Tədbir iştirakçılarına Fondunun məqsəd və vəzifələri, dəyərləri və əsas fəaliyyət istiqamətləri barədə məlumat təqdim edilib.
Görüş zamanı İslam İnkişaf Bankının Ölkə üzrə Əməliyyatlar Meneceri Dr. Fərid Əhməd Xan səfər çərçivəsində bir sıra dövlət qurumları ilə görüşdüyünü və bütün görüşlər zamanı Qarabağ məsələsinə xüsusi diqqət ayrıldığını qeyd edib.
Nümayəndə heyətinin başçısı bildirib ki, qısa müddət ərzində işğaldan azad edilən ərazilərdə görülən işlər təqdirəlayiqdir. Ölkəyə səfərindən məmnunluğunu ifadə edən Dr.Fərid Əhməd Xan Qarabağın bərpası və yenidənqurulması istiqamətində Qarabağ Dirçəliş Fondu ilə birgə əməkdaşlıqla bağlı təkliflərini irəli sürüb.
Tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.