Qarabağ Dirçəliş Fondu “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzusunda keçirilən elmi-praktik konfransda təmsil olunub - FOTO

Qarabağ Dirçəliş Fondu “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzusunda keçirilən elmi-praktik konfransda təmsil olunub - FOTO

|
Paylaş:

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, 24 dekabr tarixində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzusunda elmi-praktik konfransda iştirak edib. Rəhman Hacıyev konfransda Zəfərdən Dirçəlişə: tarixi qələbədən sonra yaranan yeni reallıq” mövzusunda çıxış edib.

Rəhman Hacıyev Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun qazandığı qələbənin əhəmiyyətindən danışarkən, burada dayanıqlı iqtisadiyyatın qurulması, ümumilikdə Qarabağın dirçəlişinin bütün Azərbaycan ictimaiyyəti və dövlət qurumlarının qarşısında duran əsas vəzifələrdən biri olduğunu qeyd edib.

R. Hacıyev işğaldan azad olunan ərazilərdə  bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi və nəticədə Böyük Qayıdışın daha qısa zamanda həyata keçirilməsində  həmrəyliyin rolunu xüsusi vurğulayıb.

İdarə Heyətinin sədri ölkə rəhbəri tərəfindən qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi üçün dövlətin, ölkə cəmiyyətinin və diasporumuzun səylərininin birləşdirilməsinin vacibliyindən danışıb.

İşğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin bərpasının Qarabağ Dirçəliş Fondu üçün ən prioritetli məsələlərdən biri olduğunu qeyd edən Rəhman Hacıyev,  bu istiqamətdə müvafiq dövlət qurumları və Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq etdiyini bildirib. R.Hacıyev bir çox layihələr, o cümlədən Fond və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, donor şirkətlərin dəstəyi ilə “Zəfərdən dirçəlişə” şüarı altında Zəngilanda  meşə massivinin salınması layihəsi barədə məlumat verib.

Çıxışının sonunda Rəhman Hacıyev qeyd edib ki, yaşayış yerindən asılı olmayaraq hər bir azərbaycanlı Qarabağın dayanıqlı və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində görülən işlərə qoşulmalı, dövlətin bu istiqamətdə apardığı siyasətini dəstəkləməli və ianə edərək bərpa prosesində aktiv şəkildə iştirak etməlidir.

Məlumat üçün bildirək ki, konfransda Yeni Azərbaycan Partiyası sədrinin müavini Tahir Budaqov, Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Azərbaycan Respublikasının Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edib.

Digər xəbərlər