Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Ədliyyə Nazirliyində gənc ədliyyə işçiləri və könüllüləri ilə görüşüb

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Ədliyyə Nazirliyində gənc ədliyyə işçiləri və könüllüləri ilə görüşüb

|
Paylaş:

Bu gün Azərbaycan Respublikasında qeyd olunan Gənclər Günü münasibətilə Ədliyyə Nazirliyində gənc ədliyyə işçiləri və könüllüləri ilə “Qarabağın dirçəlişində gənclərin rolu” mövzusunda videoformatda tədbir keçirilib. 

Ölkə Prezidentinin yanvarın 5-də imzaladığı Sərəncamla 2022-ci ilin Azərbaycan Respublikasında "Şuşa İli" elan edilməsi çərçivəsində təşkil olunan tədbirdə 30 illik erməni işğalından azad edilmiş doğma torpaqlarımızda dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aparılan nəhəng quruculuq işlərindən bəhs olunub. 

Mövzu ilə bağlı çıxış etmək üçün tədbirə dəvət olunmuş Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində Qarabağa vurulan zərər, onun dəhşətli miqyası və tarixi qələbədən sonra yaranan yeni reallıq barədə ətraflı məlumat verib. 

 R.Hacıyev zərərdən danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın ideya müəllifi olduğu, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılan "Karabakh.Center" internet-resursundan bəhs edib.

İdarə Heyətinin sədri bərpa işlərinin aparılmasında dövlət başçısının müəyyən etdiyi ən müasir standartların və innovativ həllərin tətbiqi konsepsiyasının əhəmiyyətini, qısa müddətdə Qarabağda geniş vüsət alan yenidənqurma işlərinin əhəmiyyətini vurğulayıb. 

R.Hacıyev işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi, sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi məqsədilə dövlət başçısının Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondunun fəaliyyəti, prioritet istiqamətləri və hədəfləri barədə gənc ədliyyə işçiləri və könüllülərinə ətraflı məlumat verib. Qarabağın dirçəlişi istiqamətində həmrəyliyin, cəmiyyətin bütün üzvlərinin bu mühüm missiya uğrunda birləşməsinin, xüsusilə aparıcı rola malik gənclərin bu istiqamətdə maarifləndirilməsinin əhəmiyyətini qeyd edib. 

Gənc ədliyyə işçiləri Vətənimizin hərtərəfli tərəqqisi naminə dövlət başçısına layiqli yardımçı olmaq üçün daha məsuliyyətlə və həvəslə çalışmaq, üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirmək əzmində olduqlarını bildiriblər.

Tədbirin davamı olaraq ədliyyə nazirinin müavini Toğrul Musayevin iştirakı ilə qonaq nazirlikdə ulu öndər Heydər Əliyevə və ədliyyə tarixinə həsr olunan muzeylərlə, Vətən müharibəsi salnaməsinə və azad edilmiş torpaqlarımızda aparılan geniş bərpa-quruculuq işlərinə həsr edilən ekspozisiyalarla tanış olub. Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq ədliyyə orqanlarında bu sahədə görülən işlərlə bağlı məlumat verilib.

Bildirilib ki, hazırda ədliyyə sistemində çalışan işçilərin təxminən yarısı gənclərdir. Ümumilikdə aparılmış şəffaf seçimlər nəticəsində böyük əksəriyyəti gənclər olan 3.200-dən çox şəxs ədliyyə orqanlarına qulluğa qəbul olunub. 200-dən çox yüksək hazırlıqlı ədliyyə işçiləri vəzifədə irəli çəkilərək bu gün hakimiyyətin hər üç qolunda məsul və rəhbər vəzifələrdə çalışırlar.

Eyni zamanda son illər 3.500-dən çox gənc ədliyyə sahəsində könüllü fəaliyyətə cəlb edilib, onlardan fərqlənən 200 nəfərə yaxın ədliyyə orqanlarında daimi işlə təmin olunub.

Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə təsis olunmuş Azərbaycan Gəncləri Gününün 25 illiyinə toxunan nazir müavini gənclərin Vətən müharibəsində həlledici roluna xüsusilə diqqət çəkərək, dövlət başçısının çıxışlarında vurğuladığı kimi, Vətən uğrunda döyüşə gedənlərin əksəriyyətinin, hətta Qarabağı görməyən, o acı tarixi yaşamayan gənclər təşkil etdiyini, onların öz qəhrəmanlıqları ilə yeni nəsillərə örnək olduğunu qeyd edib. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan zəfər yürüşündə gənc ədliyyə işçilərinin və könüllülərinin mərdlik, rəşadət və fədakarlıq göstərdiyi, dövlət təltiflərinə layiq görüldüyü vurğulanıb. 

Nazirlik tərəfindən Vətən müharibəsi iştirakçılarının, şəhidlərimizin ailə üzvlərinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılaraq ötən müddət ərzində 40-dan çox belə şəxslərin ədliyyə orqanlarına qulluğa qəbul olunduğu diqqətə çatdırılıb.

R.Hacıyev gənclərin bu gün ölkə həyatının bütün sahələrində, o cümlədən dövlət idarəetməsində geniş təmsil olunduğunu qeyd edib, onların doğma torpaqlarımızın işğaldan azad olunmasında mühüm rolunu vurğulayıb. Təmsil etdiyi qurumun fəaliyyətinə toxunaraq ədliyyə işçilərinin Qarabağ Dirçəliş Fonduna yarandığı ilk gündən könüllü ianələr etdiyini bildirib, dəstəyə görə minnətdarlığını ifadə edib və Ədliyyə Nazirliyi ilə Fond arasında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı birgə tədbirlərin keçirilməsinə hazır olduğunu söyləyib.

Digər xəbərlər