Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Şuşada keçirilən Dünya azərbaycanlılarının 5-ci qurultayında çıxış edib.
Konqressdə Cənab Prezidentin mühüm mesajlarla zəngin möhtəşəm çıxışından sonra müzakirə olunan mövzular sırasında həm diasporumuzun gələcək fəaliyyətinin strategiyası, həm də ümumilikdə Azərbaycan xalqının və dövlətinin qarşısında duran məqsəd və vəzifələr əsas yer alıb.
Qurultayda çıxış edən İdarə Heyətinin sədri Rəhman Hacıyev bu hadisənin bütün dünya ictimaiyyətinə bir növ mesaj olmaqla bərabər tarixi əhəmiyyət kəsb etdiyini bildirib.
Rəhman Hacıyev bildirib ki, tədbirin işğaldan azad edilmiş Şuşada keçirilməsi Konqresin gündəliyində duran əsas mövzunun Qarabağın dirçəlişi olduğunu bariz şəkildə ifadə edir.
Sədr öz çıxışında ermənilərin 30 illik işğalı dövründə Qarabağa vurduqları zərərin miqyası barədə ətraflı məlumat verib. İşğaldan azad edilən ərazilərdə maddi obyektlərlə yanaşı, bölgənin ekoloji mühitinə, təbii sərvətlərinə, meşə massivinə, su ehtiyatlarına külli miqdarda ziyan vurulduğunu qeyd edən Rəhman Hacıyev erməni təcavüzkarlarının törətdiyi bu dağıntıları faktlarla əsaslandırıb.
Rəhman Hacıyev dövlət institutlarının, cəmiyyətin, diasporun və xarici kapitalın sinerjisi nəticəsində bərpa işlərinin daha qısa zaman ərzində həyata keçirilməsinin mümkünlüyündən danışarkən, misal olaraq Fransanın iki şəhəri - Lans və Reymsin tarixindən bəzi faktları nümunə kimi səsləndirib. “Birinci Dünya Müharibəsi zamanı məhv olan bu şəhərlərin bərpası iki fərqli trayektoriya ilə gerçəkləşmişdir - ictimaiyyətin, yerli sahibkarların və xarici kapitalın sinerjisi Reymsin daha sürətli bərpasını təmin etdi”,-deyə o, əlavə edib.
Sədr öz nitqində Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyət istiqamətləri, missiyası, məqsədləri, prioritetləri, dəyərləri, eyni zamanda Fond tərəfindən həyata keçirilən və cari layihə və tədbirlər barədə ətraflı məlumat verib.
Sonda Rəhman Hacıyev Diasporla İş üzrə Dövlət Komitəsinin heyətinə və rəhbəri Fuad Muradova Dünya azərbaycanlılarının 5-ci qurultayına dəvətə və yaradılan fürsətə görə təşəkkürünü bildirib.