Qarabağ Dirçəliş Fondu Şuşada Türk Biznes Forumunda təmsil olunub

Qarabağ Dirçəliş Fondu Şuşada Türk Biznes Forumunda təmsil olunub

|
Paylaş:

Şuşada işğaldan azad edilmiş ərazilərin bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumu keçirilib.

Forum Türk Dövlətləri Təşkilatının, Türk Ticarət və Sənaye Palatasının, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatının 4 daimi üzvü (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak ediblər.

Forumun məqsədi türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunması olub.

Forumda iştirak edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək tədbir iştirakçılarına Fondun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, prioritetləri barədə ətraflı məlumat verib.

Fondun fəaliyyətində korrupsiya ilə mübarizəyə və şəffaflığa xüsusi önəm verildiyini deyən İdarə Heyətinin sədri bildirib ki, qanunla müəyyən olunan hesabatlılığı ilə yanaşı Fond cəmiyyət qarşısında da öz məsuliyyətini hiss edir. Fondun həyata keçirdiyi tədbirlər, layihələrin icra vəziyyəti, audit nəticələri kimi məlumatların mütəmadi olaraq ictimaiyyətlə bölüşülməsi, eyni zamanda Fondun rəsmi veb-saytında hesabatların açıq formada yerləşdirilməsi və əlçatanlığı bunun əyani sübutudur.

Rəhman Hacıyev Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun qazandığı tarixi qələbədən sonra qarşıda dayanan əsas vəzifələr, yaranan yeni reallıqlardan bəhs edib.

İşğaldan azad edilən ərazilərdə dağıntıların miqyasının həddindən artıq böyük olduğunu deyən Rəhman Hacıyev erməni terroru nəticəsində maddi obyektlərə, memarlıq inciləri olan tarixi abidələrə, ekologiyaya dəyən zərər haqqında ətraflı məlumat verib.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı işlərdən danışan İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə bazar iqtisadiyyatının inkişafı, dövlət qurumlarında şəffaflığın artırılması və korrupsiya ilə mübarizədə həyata keçirilən siyasətindən də söz açıb.

Sədrin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə dövlət vəsaiti hesabına (o cümlədən QDF-in maliyyə dəstəyi ilə) icra olunan layihələrdə şəffaflıq və rəqabətlilik prinsiplərinin qorunması xüsusi önəm daşıyır. Məhz bu səbəbdən bütün icra olunan layihələrə podratçıların seçilməsi dövlət satınalmaları haqqında müvafiq qanvericiliyə uyğun şəkildə həyata keçirilir. Eyni zamanda bu ərazilərdə müxtəlif açıq təşviq mexanizmləri hesabına yerli və xarici investrorların maneəsiz fəaliyyəti üçün imkanlar yaradılır.

Rəhman Hacıyev qeyd edib ki, Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin azad olunmuş ərazilərimizdə törətdikləri dağıntılar, həyata keçirdikləri qeyri-qanuni hərəkətlər və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm daşıyır:

“Belə ki, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi onların Qarabağa vurulan ziyanın həcmi, eyni zamanda Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlandırılmasından birbaşa asılıdır”.

Bir sıra beynəlxalq təşkilatların ölkəmizə qarşı tətbiq etdiyi ikili standartların bu gün də davam etdiyini təəssüf hissi ilə qeyd edən Rəhman Hacıyev bildirib ki, işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işlərini Azərbaycan dost və tərəfdaş ölkərin yaxından dəstəyi ilə öz imkanları hesabına gerçəkləşdirir.

İdarə Heyətinin sədri işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasında dövlət, biznes və cəmiyyətin səylərinin birləşdirilməsinin, cəmiyyətin bütün üzvləri arasında həmrəyliyin təmin olunmasının rolunu xüsusi vurğulayıb, eyni zamanda bu sahədə dünya təcrübəsindən danışıb.

Rəhman Hacıyev Fondun həyata keçirdiyi tədbirlər və cari ildə nəzərdə tutulan layihələr, Fondunun fəaliyyətinin 2022-2025-ci illər əhatə edən strateji istiqamətləri, eyni zamanda Fonda cəlb olunan ianələr və ianə etmək imkanları barədə də tədbir iştirakçılarını məlumatlandırıb.

Qeyd edək ki, Forum çərçivəsində ikitərəfli görüşlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda investisiya imkanları” mövzusunda xüsusi sessiya keçirilib, bir sıra sənədlər imzalanıb.

Digər xəbərlər