Qarabağ Dirçəliş Fondu ilə Bakı Ali Neft Məktəbi əməkdaşlığa başlayır

Qarabağ Dirçəliş Fondu ilə Bakı Ali Neft Məktəbi əməkdaşlığa başlayır

|
Paylaş:

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ölkənin ən qabaqcıl ali təhsil ocaqlarından biri olan Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovla görüşüb.

Rəhman Hacıyev ali məktəbin kampusunu gəzib, burada yaradılan şəraitlə tanış olub və auditoriyalarda tələbələrlə görüşərək onlara Fondun missiya və məqsədləri barədə məlumat verib. 

Görüş zamanı tərəflər arasında Bakı Ali Neft Məktəbində tələbələrin işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə maarifləndirilməsi, onların bu mühüm missiyada iştirakçılığının təmin edilməsi məqsədilə müzakirələrin, təqdimatların təşkil olunması, eyni zamanda birgə xeyriyyə tədbirlərinin də keçirilməsi kimi məsələlər müzakirə olunub.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, doğma Qarabağımızın işğaldan azad edilməsi məhz xalqımızın birliyi sayəsində mümkün olub. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi kimi müqəddəs missiyanın da həyata keçirilməsinə məhz həmrəylik nümayiş etdirərək nail ola bilərik. Şübhəsiz ki, bu prosesdə gənclər həlledici rola malikdir.

Olduqca səmimi və işgüzar şəraitdə keçən görüş zamanı Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev işğaldan azad edilən ərazilərin bərpasında və yenidən qurulmasında gənclərin iştirakının vacibliyini vurğulayıb.

“Dağıdılmış şəhər və kəndlərin bərpası və inkişafı illər boyu davam edəcək bir proses olduğundan, gənc nəslimizi bu prosesə artıq bu gün cəlb etməyə başlamalıyıq. Bu məqsədlə yaxın vaxtlarda Qarabağ Dirçəliş Fondu ölkənin aparıcı universitetləri ilə bir sıra birgə layihələrə start verəcək. Bu təşəbbüsü dəstəkləyən rektorlara dərin təşəkkürümü bildirmək istəyirəm”, -  deyə İdarə Heyətinin sədri qeyd edib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov birgə layihələrin icrasına və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bildirərək, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevə bu şərəfli və əhəmiyyətli fəaliyyətində uğurlar arzulayıb.

Digər xəbərlər