Qarabağ Dirçəliş Fondu bu gün Bakı Ekspo Mərkəzində işinə başlayan və artıq ikinci dəfə təşkil olunan “Rebuild Karabakh 2022” sərgisində iştirak edir.
İlk dəfə 2021-ci il 20-22 oktyabr tarixlərində keçirilən və böyük maraqla qarşılanan Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh 2022) sərgisinin bu il də analoji şəkildə təşkil olunması işğaldan azad edilən ərazilərin bərpası istiqamətində aparılan işlərə öz töhfəsini verəcək.
Müxtəlif ölkələrin, şirkətlərin və dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi sərgi onlar arasında bir növ ünsiyyət platforması rolunu oynayamaqla yanaşı, yeni əməkdaşlıqların da əsasını qoyacaq. Eyni zamanda Qarabağın bərpa və quruculuğu istiqamətində aparılacaq işlərlə yanaşı, Qarabağ həqiqətlərini daha geniş kütləyə çatdırmaq imkanı da yaradacaq. Uzun illərdir müxtəlif sahələrdə təşkil olunan sərgilərin nəticələri deməyə əsas verir ki, məhz belə sərgilər aktual müzakirələrin aparılması, səmərəli əməkdaşlıqların qurulması, hədəf kütləyə mesajın ötürülməsi, görüşlərin keçirilməsi üçün əlverişli şərait yaradır. Bu sərgi eyni zamanda Qarabağın bərpası və yenidən qurulması istiqamətində aparılan işlərə dəstək göstərmək məqsədilə ianə və sərmayələrin cəlb olunması üçün zəmin yaradacaq.
Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. Torpaqlarımızın işğaldan azad olunmasından sonra qarşımızda yeni reallıqlar yarandı, işğal dövründə ərazilərimizə vurulan zərərin həcmi bariz şəkildə aydın oldu. Vətən müharibəsindəki qələbəmizdən sonra qarşıya qoyulan məqsəd işğaldan azad edilmiş Qarabağın bərpası və yenidən qurulmasıdır.
Hazırda ölkə başçısının tapşırığına əsasən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır - minlərlə kilometr uzunluğunda yeni yollar çəkilir, infrastruktur bərpa olunur, yaşayış binaları və müəssisələr tikilir, hava limanları və dəmir yolları inşa edilir.
İnfrastruktur layihələrinin bir qisminin icrası qısa vaxtda ən yüksək səviyyədə başa çatıb. Şuşaya çəkilən Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı istismara verilib. Zəngilan və Laçında yeni hava limanlarının tikintisi isə sürətlə davam etdirilir.
Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Bunun təməlində isə həmrəylik, milli qürur, ləyaqət və güc dayanır.
Qeyd edək ki, üç gün davam edəcək və oktyabrın 21-də işini yekunlaşdıracaq sərgiyə giriş sərbəstdir. Doğma Qarabağımızın bərpası istiqamətində görülən işlərlə yaxından tanış olmaq, eyni zamanda bu işə öz töhfəsini vermək istəyən hər kəsi sərgiyə dəvət edirik.
Qarabağı birlikdə daha gözəl bərpa edəcəyik!