Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri ilə görüş keçirilib.
Görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Akademiyanın prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, eləcə də sözügedən təhsil müəssisəsinin tələbələri iştirak ediblər.
Görüşdə Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçiriləcək birgə layihə çərçivəsində gənc rəssamlar tərəfindən Qarabağın əsrarəngiz təbiətinə, tarixi abidələrinə, eləcə də işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq mövzularına həsr olunan rəsm əsərlərinin və heykəltəraşlıq nümunələrinin hazırlanması ilə bağlı müzakirələr aparılıb.
Müzakirələrin yekunu olaraq Qarabağla bağlı böyük mənəvi dəyərə malik heykəltəraşlıq və rəngkarlıq nümunələrindən ibarət əsərlərin hazırlanması qərara alınıb. Həmin əsərlərin daha sonra kataloq şəklində nəşr olunması nəzərdə tutulur.
Görüş zamanı qeyd olunub ki, layihə ilə bağlı yaxın günlərdə ictimaiyyətə geniş məlumat veriləcək.
Görüşün sonunda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tələbələrin ona ünvanladığı çoxsaylı sualları cavablandırıb.
Tələbələr bu cür təşəbbüsü böyük maraqla qarşılayıblar və Qarabağın bərpasına dəstək olmağa hər zaman hazır olduqlarını vurğulayıblar.