Oktyabrın 25-də Qarabağ Dirçəliş Fondunun və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “İşğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın və rəqabətliliyin təmin edilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, millət vəkilləri Tural Gəncəliyev, Naqif Həmzəyev, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Əhməd Həsənov, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Növrəs Cəfərov, eləcə də QDF-in donorları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə təməlini qoyduğu və açılışını etdiyi obyektlərə, ümumilikdə həmin ərazilərdə aparılan bərpa və quruculuq işlərinə həsr olunan videoçarx nümayiş etdirilib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək bildirib ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birini də cəmiyyətdəki neqativ hallara, qanun pozuntusuna və rüşvətxorluğa qarşı intensiv mübarizə təşkil edir. Ölkədə gerçəkləşdirilən sosial-iqtisadi islahatların səmərəliliyini artırmaq məqsədilə hüquqpozmaların aradan qaldırılması dövlətin bu yöndə həyata keçirdiyi tədbirlərin başlıca istiqamətlərindəndir.
Rəhman Hacıyev qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə də dövlət vəsaiti hesabına (o cümlədən QDF-in maliyyə dəstəyi ilə) icra olunan layihələrdə şəffaflıq və rəqabətlilik prinsiplərinin qorunması xüsusi önəm daşıyır. Fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin edilməsi məqsədilə, Qarabağ Dirçəliş Fondu özü də bütün mal və xidmətləri dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq açıq tender və digər müvafiq üsullar şəklində həyata keçirir. Bu isə öz növbəsində rəqabətliliyin artırılmasına, sahibkarlar üçün əlverişli biznes şəraitinin yaradılmasına əhəmiyyətli töhfədir.
“Fondun həyata keçirdiyi tədbirlər, layihələrin icra vəziyyəti, audit nəticələri, maliyyə hesabatları kimi məlumatların mütəmadi olaraq ictimaiyyətlə bölüşülməsi, eyni zamanda Fondun rəsmi veb-saytında hesabatların açıq formada yerləşdirilməsi və əlçatanlığı bunun əyani sübutudur”- deyə, İdarə Heyətinin sədri vurğulayıb.
Rəhman Hacıyev Fondun həyata keçirdiyi layihələr və tədbirlər, eyni zamanda maliyyə göstəriciləri barədə də tədbir iştirakçılarına geniş məlumat verib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Əhməd Həsənov, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Növrəs Cəfərov və digər çıxışçılar da işğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən danışaraq şəffaflığın və rəqabətliliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.
Çıxışlardan sonra Qarabağ Dirçəliş Fondunun 2023-cü ildəki faəliyyətinə dair videoçarx nümayiş etdirilib.
Sonra tədbir müzakirə sessiyası ilə davam edib. Müzakirələr zamanı işğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın və rəqabətliliyin təmin edilməsi, bunda vətəndaş cəmiyyəti institutlarının rolu və digər mövzular ətrafında fikir və təkliflər səsləndirilib.
Müzakirələrin yekunu olaraq cəmiyyətdəki neqativ hallara qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.