Qarabağa həsr olunmuş əsərlərin seçim turu təşkil olunub

Qarabağa həsr olunmuş əsərlərin seçim turu təşkil olunub

|
Paylaş:

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə start verilən  möhtəşəm bir layihə çərçivəsində gənc rəssamlar tərəfindən Qarabağın əsrarəngiz təbiətinə, tarixi abidələrinə, eləcə də işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq mövzularına həsr olunan rəngkarlıq və heykəltəraşlıq nümunələrinin seçim turu baş tutub.

Əsərlərin seçilməsində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) rektoru, Xalq rəssamı Natiq Əliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəlibəyov, ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, ADRA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı Fuad Salayev, ADRA-nın Ümumi işlər üzrə prorektoru Hacı Mail-zadə iştirak ediblər.

Nəzərinizə çatdıraq ki, 84 nəfər tələbənin iştirak etdiyi müsabiqədə nümayiş olunan 232 ədəd əsər içərisindən 22 ədəd rəngkarlıq və heykəltəraşlıq nümunəsi seçilərək növbəti mərhələyə keçib.

Müzakirələrin yekunu olaraq Qarabağla bağlı böyük mənəvi dəyərə malik heykəltəraşlıq və rəngkarlıq nümunələrindən ibarət əsərlərin hazırlanması qərara alınıb. Həmin əsərlərin daha sonra kataloq şəklində nəşr olunması nəzərdə tutulur.

Qeyd edək ki, layihə ilə bağlı yaxın günlərdə ictimaiyyətə geniş məlumat veriləcək.

Digər xəbərlər