Qarabağ Dirçəliş Fondunun kollektivi ağacəkmə aksiyasında iştirak edib

Qarabağ Dirçəliş Fondunun kollektivi ağacəkmə aksiyasında iştirak edib

|
Paylaş:

Qarabağ Dirçəliş Fondunun (QDF) kollektivi oktyabrın 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təşkil etdiyi ağacəkmə aksiyasında iştirak edib.

Müşfiqabad qəsəbəsində keçirilən tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev də iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək məqsədilə təşkil olunan aksiya zamanı 2 hektar ərazidə QDF tərəfindən ianə olunan Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə ekoloji tarazlığın bərpası QDF-in fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imzalanan Anlaşma Memorandumuna uyğun olaraq Zəngilan şəhərinin girişində, 30 hektar ərazidə 30 min ağacın - əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı (8 min ədəd), Həmişəyaşıl sərv (7 min ədəd), Göyrüş (4 min ədəd), Qlediçiya (3 min ədəd) və Şərq çinarı (8 min ədəd) ağaclarının əkilməsi həyata keçirilib.

Hazırda QDF-in sifarişi və maliyyə dəstəyi ilə Füzuli şəhərinin yeni Baş plan layihəsinə əsasən, orada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatını nəzərə alaraq 22,47 hektar ərazidə Mərkəzi Parkın salınması nəzərdə tutulur ki, bu da həmin ərazidə ekoloji tarazlığın bərpasına çox böyük töhfə olacaq.

Digər xəbərlər