İctimai TV-nin efirində ölkənin ən böyük intellektual bilik yarışı olan “Breyn-rinq” oyunu üzrə 23-cü mövsümə start verilib.
Bu dəfə oyunda Qarabağ Dirçəliş Fondunun (QDF) dəstəyi ilə “Qarabağ üçün qalib ol!” şüarı altında 6 təmsilçidən ibarət “Dirçəliş” komandası da iştirak edəcək.
Yarışdan öncə QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyevlə komanda üzvləri arasında görüş keçirilib.
“Dirçəliş” komandasının üzvləri gənclərin intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində göstərilən dəstəyə görə təşəkkür edərək, onlara göstərilən etimadı doğrultmağa çalışacaqlarını vurğulayıblar.
Rəhman Hacıyev komanda üzvləri ilə görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, intellektual oyunlar yeniyetmə, gənclər və ümumilikdə cəmiyyətin düzgün istiqamətlənməsində, asudə vaxtın səmərəli təşkilində olduqca mühüm əhəmiyyətə malikdir. Gənclərin elmə, təhsilə marağını artıran müxtəlif bilik yarışlarının keçirilməsi əsas hədəflərimizdən birinə çevrilməlidir.
Sədr Qarabağ Dirçəliş Fondunun cəmiyyətimizdəki potensiallı gənclərin həyatına toxunmaqla onların ölkəmizin inkişafı naminə göstərdikləri təşəbbüsləri dəstəkləməyə hər zaman hazır olduğunu bildirib.
Sonda komanda üzvlərinə Fond tərəfindən “Dirçəliş” komandası üçün xüsusi dizaynda hazırlanan geyim təqdim olunub və xatirə fotosu çəkilib.