“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinə qeydiyyat müddəti uzadıldı

“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinə qeydiyyat müddəti uzadıldı

|
Paylaş:

Azərbaycanda futbolsevərləri bir araya gətirəcək “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinə qeydiyyat müddəti uzadılıb.

Belə ki, Təşkilat Komitəsi müraciət edən komandaların əksəriyyətinin istəyini nəzərə alaraq turnirin start tarixinin sentyabr ayına dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.

Ölkəmizdə fəaliyyət göstərən şirkətlər aprel ayının sonuna qədər Qarabağ Dirçəliş Fonduna 1500 manat məbləğində ianə etməklə turnirdə iştirak üçün müraciət edə bilərlər.

Məlumat üçün bildirək ki, turnir Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, “Azərlotereya” ASC-nin tərəfdaşlığı və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə təşkil olunacaq.

Oyunlar Bakı Olimpiya Stadionunun ərazisində yerləşən “Sportster” minifutbol kompleksində keçiriləcək.

Turnirin reqlamentinə əsasən, qalib adı uğrunda mübarizədə 40 komandanın iştirakı nəzərdə tutulur.

Yarışda ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medal və xüsusi mükafatlarla təltif ediləcəklər. Bundan başqa turnirin ən yaxşı qapıçısı, bombardiri və ən yaxşı oyunçusuna (MVP) əlavə olaraq xüsusi mükafatlar veriləcək.

Turnirin reqlamenti ilə daha ətraflı burada tanış olmaq mümkündür.

Xüsusilə qeyd olunmalıdır ki, turnirin keçirilməsindən əldə olunacaq vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.

Beləliklə, komandalar turnirdə iştirak etməklə yanaşı, həm də Qarabağın bərpasına töhfə vermiş olacaqlar.

Qeydiyyatla bağlı müraciət üçün bu linkə keçid etmək mümkündür:

Əlavə məlumat üçün:

Telefon: +994 (099)  886 69 99

E-mail: info@revivalcup.az

Digər xəbərlər