“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər

“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər

|
Paylaş:

Mayın 2-də Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimov və klubun üzvləri ilə görüşüb.

Görüşdə bildirilib ki, 5 may 2024-cü il tarixində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə növbəti dəfə keçiriləcək Bakı Marafonunda klubun iki nəfər xarici vətəndaş olmaqla 21 üzvü “Qarabağ üçün qalib ol!” şüarı altında mübarizə aparacaq.

Qarabağ Dirçəliş Fondu ilə Bakı Marafon Klubu arasında əldə olunmuş razılığa əsasən, Qarabağın dirçəlişi ideyasını ölkə daxilində və xaricdə təbliğ etmək məqsədilə bu şüar altında müxtəlif təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Bakı Marafon Klubunun komandasının QDF-in adından “Bakı Marafonu”nda iştirak etmək təklifini yüksək qiymətləndirən Rəhman Hacıyev komandaya uğurlar arzulayıb.

Görüşdə QDF tərəfindən xüsusi dizaynda hazırlanmış qaçış üçün formalar klubun üzvlərinə təqdim olunub.

Qeyd olunmalıdır ki, ötən il olduğu kimi “Bakı Marafonu 2024”-də tərəfdaş kimi çıxış edən Qarabağ Dirçəliş Fondu Marafonun fan zonasında “Marafon bağı” adlı xüsusi yaşıl pavilyonla iştirak edəcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını, eləcə də işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasını QDF-in fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Fondun “Bakı Marafonu”ndakı stendi ətraf mühitin qorunmasına həsr edilib.

Digər xəbərlər