Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO

Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO

|
Paylaş:

Qarabağ Dirçəliş Fondu (QDF) ölkə ictimaiyyətinin işğaldan azad edilmiş ərazilərin bərpası kimi mühüm bir missiya ətrafında birləşərək bərpa və quruculuq işlərinə töhfə verə bilməsi və ən əsası bu torpağın gözəlliyinin və Azərbaycan xalqının mədəni irsinin təbliğ olunması məqsədilə “Qarabağın rəngləri” adlı yeni layihə həyata keçirib.

Layihə çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi olan 23 istedadlı gənc rəssam və heykəltaraş tərəfindən Qarabağın ruhunu özündə birləşdirən sənət əsərləri - 19 rəsm və 4 heykəl yaradılıb.

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə həyata keçirilən “Qarabağın rəngləri” layihəsi ilə bağlı daha geniş məlumat almaq üçün AZƏRTAC-ın müxbiri Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevlə həmsöhbət olub.

- Rəhman müəllim, “Qarabağın rəngləri” layihəsinin yaradılmasına ilham verən amil nə oldu?

- Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycan mədəniyyətinə və incəsənətinə böyük diqqət və qayğı göstərilir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə də mədəniyyət və tarixi abidələrimizin bərpası dövlət başçısının və birinci xanımın diqqət mərkəzindədir.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə tarixi abidələrimizin bərpası, eləcə də mədəni irsimizin təbliğ olunması Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bütün bunları nəzərə alaraq, eləcə də Qarabağın əzmkarlıq ruhunun və zəngin mədəni irsinin incəsənət vasitəsilə tərənnüm edilməsi arzusundan ilhamlanaraq “Qarabağın rəngləri” layihəsini həyata keçirməklə Qarabağın bərpasına töhfə vermək istədik.

Layihənin məqsədi istedadlı gənc rəssam və heykəltaraşların əsərləri vasitəsilə regionun ənənəvi peyzajlarını, tarixi hekayələrini və mədəni irsini göstərməkdir. Bu incəsənət təşəbbüsü Qarabağın keçmişi, bu günü və ümid dolu gələcəyinin hekayəsini ifadə etmək üçün bir vasitə olaraq təqdim edilir və bu da Azərbaycan mədəniyyətində Qarabağın rolunun daha dərindən anlaşılmasına xidmət edir.

- Bəs layihə Qarabağın fiziki olaraq canlanmasına da töhfə verirmi?

- Bəli, bu layihənin bir sıra vacib və təsirli cəhətləri var. Layihənin rəsmi saytında bütün işlər barədə ətraflı məlumatlar, onların dəyəri, eyni zamanda, özündə bütün məlumatları ehtiva edən xüsusi əsərlər kataloqu və qiymət cədvəli ilə tanış olmaq mümkündür.

Layihənin rəsmi saytına keçid: Colorsofkarabakh.com

Qeyd edim ki, əsərlərin satışından əldə edilən gəlir ölkə başçısının tapşırığına əsasən bərpa edilən Ağdamdakı tarixi “İmarət” kompleksi abidəsinə yönəldiləcək. Bu abidə hazırda Mədəniyyət Nazirliyinin sifarişi əsasında Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə rekonstruksiya olunur.

Layihə həqiqətən də regionun fiziki olaraq yenidən qurulmasına dəstək olur və Qarabağ irsinin işğaldan zərər çəkmiş mühüm hissəsinin bərpasına kömək edir. Eyni zamanda, insanları sənət əsərləri almağa təşviq etməklə cəmiyyətdə xeyriyyəçilik və ianə mədəniyyətinin inkişaf etdirilməsinə də töhfə verilir.

- Bu günə qədər əsərlərin neçəsi satılıb?

- Layihə çərçivəsində hazırlanan 21 əsər artıq satışda deyil. Bu əsərlər Qarabağ Dirçəliş Fonduna ümumilikdə 90.200 AZN ianə edilərək əldə edilib. Əsərləri əldə edənlər arasında tanınmış sahibkarlar, iri şirkətlərin rəhbərləri və rəsmi şəxslər var.

Bu gün xüsusi xeyriyyə qala gecəsi çərçivəsində bu əsərləri bizi dəstəkləyən donorlarımıza təqdim etdik.

Bu layihəni dəstəkləmək istəyən hər kəsi Colorsofkarabakh.com saytında olan əsərləri nəzərdən keçirməyə dəvət edirəm.

 

- Layihədə iştirak edəcək gənc rəssam və heykəltaraşları, eləcə də onların əsərlərini necə müəyyənləşdirdiniz?

- Layihə öz istedadlarını və bacarıqlarını nümayiş etdirmək istəyən tələbələr tərəfindən böyük maraqla qarşılandı. Buna görə də “Qarabağın rəngləri” layihəsi üzrə tələbələrin seçimi çox mərhələli proses üzrə aparıldı. İlkin mərhələdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri üçün müsabiqə elan olundu və müsabiqəyə 250-dən çox eskiz təqdim edildi.

Bu layihələr görkəmli rəssamlardan ibarət münsiflər heyəti tərəfindən nəzərdən keçirildi və sonda 23 əsər seçildi. Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədov kimi tanınan ustadlar münsiflər heyətində təmsil olunaraq, sadəcə, layihə iştirakçıları və əsərləri seçmədilər, onların dəstəyi və mentorluğu ilə dəyərli sənət əsərləri yaradıldı.

Seçilmiş eskizlərin müəllifləri Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə xüsusi təqaüdlərə layiq görülməklə yanaşı, ərsəyə gətiriləcək hər bir əsərin Qarabağın mədəni və tarixi irsini daha dolğun ifadə etməsi üçün bütün lazımi ləvazimatlarla təmin edildilər.

Xüsusən qeyd etmək lazımdır ki, layihə gənc rəssam və heykəltaraşları və ümumilikdə yeni nəsli Qarabağın zəngin mədəni irsini araşdırmağa və bunu öz yaradıcılığında əks etdirməyə təşviq edir.

 

- Bu layihənin ictimaiyyət arasında necə bir təsir yaradacağına ümid edirsiniz?

- Bu layihə yerli səviyyədə milli qüruru və mədəni şüuru gücləndirmək, cəmiyyətdəki birlik hissini inkişaf etdirmək, beynəlxalq səviyyədə isə Qarabağın mədəni irsinin daha yaxşı tanıdılması, beynəlxalq ictimaiyyət tərəfindən tarixi həqiqətlərə doğru münasibətin formalaşdırılması məqsədi daşıyır.

Buna görə də layihənin rəsmi veb-saytı yaradılıb (www.colorsofkarabakh.com) və artıq Azərbaycan dilində istifadəyə verilib. Yaxın günlərdə saytın ingilis dilində hazırlanan versiyasının da istifadəyə verilməsi nəzərdə tutulur. Növbəti addım kimi əsərlərin ölkə daxilindəki və ölkə xaricindəki sənət qalereyalarında nümayişi planlaşdırılır.

Layihənin reallaşmasında böyük pay sahibi olan gənc rəssam və heykəltaraşlar, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası başda olmaqla bütün tərəfdaşlara, eləcə də sənət əsərlərini almaqla Qarabağın dirçəlişinə dəstək verən donorlarımıza ürəkdən təşəkkür edirəm.

Belə gözəl layihənin növbəti mərhələsinin hazırlıqlarına başladığımızın da anonsunu vermək istərdim. Yaxın gələcəkdə bizi bu gözəl layihənin davamı gözləyir.

Digər xəbərlər