Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatdı.
Final mərhələsinin son günündə müsabiqədə mentor qismində Prezident Administrasiyasının nümayəndələri, müxtəlif dövlət qurumlarının rəhbərləri, o cümlədən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak edib.
Finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 118 nəfər iştirakçı mübarizə aparırdı. Onlar Təşkilat Komitəsinin üzvləri və mentorların müşahidəsi ilə “Mentor keysi” üzrə tapşırıqları yerinə yetiriblər. Mentorların suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra onlar tərəfindən qiymətləndiriliblər.
Hər mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edib. Təqdim edilən mentor balı iştirakçıların ümumi balına əlavə ediləcək. Dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları isə yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.