

18 oktyabr 2024-cü il tarixində Qarabağ Dirçəliş Fondunda etik davranış qaydalarına dair yekun daxili təlim keçirilib.
Təlimdə il ərzində Fondda etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri və etik davranış qaydalarının pozulması halları ilə bağlı müzakirələr aparılıb.
Fondun Etika üzrə Komissiyasının sədri Rəşad Qasımzadə bildirib ki, fəaliyyətini əsasən mütərəqqi korporativ idarəetmə standartlarına riayət edilməsi, o cümlədən bütün əməliyyatlarda şəffaflığın, hesabatlılığın və etik davranışın təmin edilməsi üzərində quran Fond etik normalar çərçivəsində, ədalətli şəkildə və müvafiq qanun və qaydalara əməl etməklə fəaliyyət göstərir.
Komissiya sədri Fondun əməkdaşları üçün etik davranış prinsiplərinin və qaydalarının müəyyən edilməsi məqsədilə Fondun Müşahidə Şurasının 27 iyul 2022-ci il tarixli 05-22/03 nömrəli qərarı ilə “Əməkdaşların etik davranış qaydaları”nın təsdiq edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu sənəd Fondun əməkdaşlarının etik davranış qaydaları və onlara əməl edilməsi ilə bağlı münasibətləri, qaydalara əməl olunmasına nəzarət və onun pozulmasına görə məsuliyyəti tənzimləməklə yanaşı, bu sahədə Fondun korporativ dəyərlərini və tələblərini özündə əks etdirir (https://www.qdf.gov.az/media/files/article/256/Emekdashlarin-etik-davranish-qaydalari.pdf).
Qeyd olunub ki, bir qayda olaraq Fonda işə qəbul edilən hər bir əməkdaş İdarə Heyətinin sədrinin təyin etdiyi məsul şəxs tərəfindən yazılı təsdiq yolu ilə Qaydalarla tanış edilərək onu gündəlik davranışlarına daxil etməsi və qərar qəbul edərkən nəzərə alması ilə bağlı öhdəlik götürür. 2024-cü ildə də işə yeni qəbul olunan əməkdaşlarla analoji qaydada görüş keçirilərək, onlara Fondun etik davranış qaydaları ilə bağlı ətraflı məlumat verilib.
Müzakirələr zamanı 2024-cü il ərzində Fondda etik davranış qaydalarının pozulması hallarının müəyyən edilmədiyi bildirilib.
İclasda Fondun “Rüşvətxorluq və korrupsiya əleyhinə siyasəti” və “Əməkdaşların etik davranış Qaydaları”nın tətbiqinin vacibliyi bir daha vurğulanıb.
Sonda Etika üzrə Komissiya növbəti - 2025-ci il üçün Komissiyanın hədəflərini, Fondda etik davranış məsələləri ilə bağlı keçiriləcək təlimlər və tədbirlərin siyahısını müəyyən edib.
Qeyd edək ki, 2024-cü il ərzində mütəmadi olaraq Qarabağ Dirçəliş Fondunda əməkdaşlar üçün etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə sahəsində daxili təlimlər keçirilib.
Fondun Etika üzrə Komissiyası il ərzində davamlı olaraq kollektivdə və əməkdaşlar arasında etik-davranış prinsiplərinin və dəyərlərinin aşılanması məqsədilə Fondun fəaliyyətinə uyğun və Nizamnaməsində əks olunan istiqamətlər üzrə işçilər üçün maarifləndirici və təlim xarakterli görüşlər təşkil edib.
Təlimlərin məqsədi əməkdaşlar arasında fərdi və ya kollektiv münasibətlərin əsasını qoyaraq qurumdaxili dəyərlərə, normalara və qaydalara əməl olunmasının, antikorrupsiya davranış modelinin formalaşdırılmasının, eləcə də şəffaflığın təmin olunmasıdır.
Daxili təlimlər zamanı yeni əməkdaşlar ilkin olaraq Fondun Etik Davranış Qaydaları ilə tanış edilir, onlara Qaydalarda qeyd olunan missiya, məqsədlər, dəyərlər, korporativ üslub və sair vacib əhəmiyyətli məsələlərə dair məlumat verilir.