QDF-in donor və tərəfdaşlarının iştirakı ilə “Qarabağın bərpasında həmrəyliyin rolu” mövzusu müzakirə edilib

QDF-in donor və tərəfdaşlarının iştirakı ilə “Qarabağın bərpasında həmrəyliyin rolu” mövzusu müzakirə edilib

|
Paylaş:

25 dekabr 2024-cü il tarixində Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə “Qarabağın bərpasında həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.

“Qarabağ Dirçəliş Fondunun Dostları” işgüzar platforması çərçivəsində baş tutan tədbirdə Fondun donor və tərəfdaşları, millər vəkilləri, QHT rəhbərləri, sahibkarlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarına Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr, 2024-cü ilin yekunları və gələcək planlarla bağlı geniş məlumat verib.

Rəhman Hacıyev bildirib ki, öz fəaliyyətini şəffaflıq, hesabatlılıq və cəmiyyət ilə sıx əməkdaşlıq prinsipləri əsasında quran Qarabağ Dirçəliş Fondunun müasir korporativ idarəetmə prinsipləri əsasında fəaliyyət göstərməsi onun həm yerli, həm də beynəlxalq istitutlarla əməkdaşlığının qurulmasına və inkişaf etdirilməsinə böyük töhfə verəcək:

“Əlbəttə, Fondun fəaliyyətinin şəffaflıq prinsipləri əsasında qurulması çox vacibdir. Biz bunu anlayırıq və məhz bu səbəbdən də kənar auditin məhz dünyanın aparıcı audit şirkətlərinin biri olan “PwC Azərbaycan” şirkəti tərəfindən keçirilməsini seçdik. Sözügedən şirkətin Fondun maliyyə hesabatları barədə verdiyi rəylər, eləcə də Fondun maliyyə hesabatlarını davamlı olaraq ictimaiyyətə açıqlaması ianə edilmiş vəsaitlərin şəffaf şəkildə idarə olunduğunu göstərir”.

Fondun müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi layihələrin icrasında donorların dəstəyinin əhəmiyyətini xüsusi vurğulayan Rəhman Hacıyev, Fondla yaxından əməkdaşlıq edən bütün tərəfdaş və donorlara, eyni zamanda Fondun fəaliyyətini işıqlandıran media qurumlarının rəhbərlərinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, yalnız həmrəylik nümayiş etdirməklə işğaldan azad edilmiş ərazilərin mümkün qədər qısa müddət ərzində bərpasına nail olmaq mümkündür.

Daha sonra Fondun donorlarının dəstəyi ilə həyata keçirilən və Fonda ianələrin cəlb edilməsinə xidmət edən “Qarabağ gecəsi” xeyriyyə konserti, “Qarabağ rəngləri”, “Dirçəliş kuboku” xeyriyyə futbol turniri, “Azərlotereya” ilə birlikdə təşkil edilən “Hər şey Qarabağ üçün” kampaniyası və digər layihələrin yekunları barədə ətraflı məlumat tədbir iştirakçılarına təqdim edilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları Nigar Məmmədova, Vüqar İskəndərov, Elçin Mirzəbəyli, Vüqar Rəhimzadə, Naqif Həmzəyev və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid QDF-in fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, tədbir iştirakçılarını işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə töhfə verməyə çağırıblar.

Daha sonra “Azərlotereya” ASC-nin Marketinq üzrə baş rəhbəri Dilarə Bəylərova Fondla birgə həyata keçirdikləri “Hər şey Qarabağ üçün” layihəsi ilə bağlı məlumat verib və sözügedən layihənin ölkəmizdə ianəçilik mədəniyyətinin təşviq olunmasına böyük töhfə verdiyini diqqətə çatdırıb. Fondun müxtəlif layihələrini dəstəkləyən Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvü İlqar Nuri də bu layihələrin vacibliyi və faydasından danışıb.

Çıxışlardan sonra müzakirə olunan mövzular, eləcə də işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın təmin edilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb, birgə atılacaq addımlar müzakirə edilib.

Digər xəbərlər