Qarabağın bərpasında şəffaflığın təmin edilməsində KİV və QHT-lərin rolu müzakirə olunub

Qarabağın bərpasında şəffaflığın təmin edilməsində KİV və QHT-lərin rolu müzakirə olunub

|
Paylaş:

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə “İşğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın təmin edilməsində KİV və ictimai sektorun rolu” mövzusunda tədbir keçirilib.

Videokonfrans formatında keçirilən tədbirdə Qarabağ Dirçəliş Fondunun struktur bölmə rəhbərləri ilə yanaşı, media qurumlarının əməkdaşları, QHT təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, tədbir dövlət başçısının 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.9-cu bəndinə dair tapşırığının icrası məqsədilə həyata keçirilib.

Qarabağ Dirçəliş Fondunun Hüquq şöbəsinin müdiri Orxan Məhərrəmov bildirib ki, Fond tərəfindən maliyyə vəsaitlərinin ayrılmasına və satınalma zamanı qanunvericiliyin tələblərinin qorunmasına xüsusi diqqət yetirilir.

Şöbə müdiri vəsaitlərin ayrılmasında şəffaflığın maksimum təmin edilməsi üçün Fond tərəfindən maliyyə vəsaitinin ayrılmasının “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunu və Fondun “Qrantın verilməsi qaydaları”nın tələblərinə əsasən həyata keçirildiyi  diqqətə çatdırıb.

Fondun vəsaitlərinin idarə edilməsi və fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması ilə bağlı məlumat verən Orxan Məhərrəmovun sözlərinə görə, Fond fəaliyyətini şəffaflıq, hesabatlılıq və cəmiyyətlə sıx əməkdaşlıq prinsipləri əsasında qurub:

“Bunu dünyanın aparıcı audit şirkətlərindən biri olan “PwC Azərbaycan” şirkətinin Fondun maliyyə hesabatları barədə verdiyi rəy də sübut edir. Eyni zamanda Fondun maliyyə hesabatlarını davamlı olaraq ictimaiyyətə açıqlaması da ianə edilmiş vəsaitlərin şəffaf şəkildə idarə olunduğunu göstərir”.

Sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi zamanı qarşıda duran əsas vəzifələr, şəffaflığın və rəqabətliliyin təmin edilməsi məsələləri müzakirə ediblər.

Tədbirin sonunda milli birlik və həmrəyliyin Vətənimizin taleyində aparıcı istiqamət olması və Qarabağın yenidən dirçəlməsində hər kəsin fəal iştirakının vacibliyi vurğulanıb.

Digər xəbərlər