
Qarabağın bərpasına və dirçəlişinə töhfə vermək məqsədi daşıyan “Qarabağ Gecəsi” xeyriyyə konserti yeni tarixdə keçiriləcək.
Belə ki, konsert 2025-ci il iyulun 8-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Tədbir çərçivəsində tamaşaçılara möhtəşəm klassik musiqi əsərlərindən ibarət zəngin bir proqram təqdim olunacaq.
Qeyd olunmalıdır ki, 26 iyun tarixi üçün əldə edilmiş biletlər qüvvədə qalır və həmin biletlərlə konsertdə iştirak etmək mümkündür.
Onu da bildirək ki, konsertə bütün biletlər artıq satılıb və bu səbəbdən də konsertin tam anşlaqla keçəcəyi gözlənilir.
İnanırıq ki, bu xeyriyyə tədbiri Qarabağın mədəni dirçəlişinə dəstək vermək istəyən hər kəs üçün unudulmaz bir musiqi axşamı və mənəvi həmrəylik nümunəsi olacaq.
Xatırladaq ki, artıq beşinci dəfə təşkil olunacaq konsertdə dünya şöhrətli tenor, Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova, solistlər Mahir Tağızadə və Aytac Şıxəlizadə çıxış edəcəklər. Opera janrında təqdim olunacaq konsertin dirijoru isə Əməkdar artist Əyyub Quliyev olacaq.
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilati dəstəyi, “Azərlotereya” ASC, “Tamstore” marketlər şəbəkəsi və “Huner Group” şirkətinin sponsorluğu, eləcə də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə reallaşacaq konsertdən əldə ediləcək vəsait işğaldan azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin yaradılmasına yönəldiləcək.
Odur ki, qəlbi Qarabağ üçün çırpınan və azad edilmiş torpaqların yenidən qurulmasına dəstək olmaq istəyən hər kəsi “Qarabağ Gecəsi” xeyriyyə konsertində iştirak etməyə və möhtəşəm musiqi gecəsindən zövq almağa dəvət edirik.
Həmrəy olaq, doğma Qarabağı birlikdə daha gözəl bərpa edək!