Qarabağ Dirçəliş Fondunda etik idarəetmə, antikorrupsiya və effektiv kommunikasiya üzrə təlimlər keçirilib

Qarabağ Dirçəliş Fondunda etik idarəetmə, antikorrupsiya və effektiv kommunikasiya üzrə təlimlər keçirilib

|
Paylaş:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondunun daxili idarəetmə siyasətinin əsas prioritetlərindən biri əməkdaşlar arasında etik davranış prinsiplərinin, şəffaflıq və dürüstlük dəyərlərinin təşviqidir.

Daxili idarəetmə fəaliyyətində əməkdaşları tərəfindən müvafiq qanun və qaydaların öyrənilməsi və onlara riayət edilməsini əsas götürən Fondun Etika Komissiyası tərəfindən əvvəlki illərdə olduğu kimi 2025-ci il ərzində də əməkdaşlar üçün etik davranış qaydaları, korrupsiya və rüşvətxorluqla mübarizə, effektiv kommunikasiya mövzularında maarifləndirici və təlim xarakterli görüşlər təşkil olunub.

Keçirilən təlimlərin məqsədi əməkdaşlar arasında fərdi və ya kollektiv münasibətlərin əsasını qoyaraq qurumdaxili dəyərlərə, normalara və qaydalara əməl olunmasının, antikorrupsiya davranış modelinin formalaşdırılmasının, eləcə də şəffaflığın təmin olunması olub.

Görüşlər zamanı qeyd olunub ki, “Əməkdaşların etik davranış Qaydaları”na uyğun olaraq Fonda işə qəbul edilən hər bir əməkdaş İdarə Heyətinin sədrinin təyin etdiyi məsul şəxs tərəfindən yazılı təsdiq yolu ilə etik davranış qaydaları ilə tanış edilərək onu gündəlik davranışlarına daxil etməsi və qərar qəbul edərkən nəzərə alması ilə bağlı öhdəlik götürür. 2025-ci ildə də işə yeni qəbul olunan əməkdaşlarla analoji qaydada görüş keçirilərək, onlara Fondun etik davranış qaydaları ilə bağlı ətraflı məlumat verilib.

Etika Komissiyası iş planına uyğun digər qayda və qanunlar üzrə də təlimlər təşkil edib. Bu təlimlər çərçivəsində “Rüşvətxorluq və korrupsiya əleyhinə Siyasət”, maraqlar toqquşmasının qarşısının alınması, korrupsiya risklərinin idarə edilməsi və daxili məlumatlandırma mexanizmləri barədə ətraflı məlumat verilib. Həmçinin 7 mart 2025-ci il tarixində “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda edilən son dəyişikliklər əməkdaşların diqqətinə çatdırılıb.

2025-ci ilin dekabr ayında keçirilən “Effektiv kommunikasiya” mövzusunda təlimdə isə Fondun əməkdaşlarına kommunikasiyanın düzgün təşkili, effektiv nitq, böhran vəziyyətlərinin idarə olunması, Fondun əsas kommunikasiya hədəfləri və vahid kommunikasiya mexanizminin formalaşdırılması ilə bağlı məlumat verilib. Eyni zamanda böhran vəziyyətlərində qurumdaxili və xarici auditoriya ilə düzgün ünsiyyətin qurulmasına diqqət çəkilib.

Təlim iştirakçılarına sosial media kanallarının işləmə prinsipləri, əsas effektivlik göstəriciləri, vizual cəhətdən cəlbedici, təsirli məzmunun tərtibi, böhranla bağlı effektiv ünsiyyət strategiyaları, uğurlu böhran kommunikasiyasının təhlili kimi istiqamətlər üzrə də məlumat verilib. 

Qarabağ Dirçəliş Fondunun Etika Komissiyası etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi və korporativ dəyərlərin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini 2026-cı ildə də ardıcıl şəkildə davam etdirməyi hədəfləyir.

Digər xəbərlər