Yelo Bank Qarabağın dirçəlişinə dəstək olmaq məqsədilə yeni məhsul hazırlayıb
07 noyabr, 2021
Yelo Bank Qarabağın dirçəlişinə dəstək olmaq məqsədilə yeni məhsul hazırlayıb

Yelo Bank Qarabağın Dirçəlişi istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fondu (QDF) ilə əməkdaşlıq çərçivəsində yeni məhsul istifadəyə verib.

Yelo Bank vətəndaşlara yeni “Parlaq Zəfər” əmanətini təqdim edir. “Parlaq Zəfər” əmanətinin məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, Qarabağın dayanıqlı iqtisadiyyata və güclü regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək olub, eyni zamanda Fonda köçürülən ianələrin artımını təşviq etməkdir.

İllik 10.5% dərəcəsi ilə təklif olunan “Parlaq Zəfər” əmanətindən 10%-i istifadəçi qazanmış olur, qalan 0.5%-i isə onun razılığı əsasında fonda köçürülür. Bu əmanətin istifadəçiləri həm özü faiz gəliri əldə edəcək, həm də QDF-ə ianə etmək imkanı əldə edəcək. Əmanət üzrə minimal məbləğ 100 AZN olmaqla 1 illik müddətə və məhdudiyyətsiz sayda açıla bilər. Əmanət məhsulu üzrə faizləri pulsuz plastik kart vasitəsi ilə də əldə etmək mümkündür. Məlumat üçün bildirək ki, hər bir əmanətçiyə müddətin sonunda Yelo Bank və Qarabağ Dirçəliş Fondu adından xüsusi “İanə sertifikatı” təqdim ediləcək.

Xatırladaq ki, bir müddət öncə Azərbaycan Banklar Assosiasiyası və Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığın həyata keçirilməsini, eyni zamanda mümkün olduğu halda bankların xidmət şəbəkəsi, məhsulları və digər resurslarının səfərbər olunması vasitəsi ilə QDF-ə köçürülən ianələrin artımını təşviq etmək məqsədilə “Anlaşma Memorandumu” imzalanıb.

Fond memorandumda qeyd olunan məsələlərə nail olmaq məqsədilə bu istiqamətdə digər banklarla da sıx əməkdaşlığı davam etdirəcək.

Xəbəri paylaş
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının I Vitse-Prezidenti Heydər Əliyev Mərkəzi