QDF və aparıcı şirkətlərin nümayəndələri arasında korporativ ianəçilik mədəniyyətinin təşviqi mövzusunda fikir mübadiləsi görüşü keçirilib

QDF və aparıcı şirkətlərin nümayəndələri arasında korporativ ianəçilik mədəniyyətinin təşviqi mövzusunda fikir mübadiləsi görüşü keçirilib

|
Paylaş:

1 mart 2022-ci il tarixində Qarabağ Dirçəliş Fondu, “Opalus Partners Group” və “Geopro” şirkətlərinin birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına dəstək olmaq məqsədilə, “korporativ ianəçilik mədəniyyətinin təşviqi” mövzusunda fikir mübadiləsi görüşü keçirilib.

Tədbirin əsas məqsədi ianə mədəniyyətini təbliğ etmək, bu mövzuda maarifləndirmə aparmaqla şirkət daxilində işçi heyətin funksional aktivliyini, mədəni, mənəvi və milli dəyərlərə sadiqliyini artırmaq və Qarabağın dirçəlişi uğrunda həmrəylik göstərməyə təşviq etməkdir.

Korporativ könüllülük sosial məsuliyyət elementi olaraq vaxtın maliyyə mükafatı müqabilində deyil, mütəşəkkil qruplar daxilində başqalarının xeyrinə ianə edilməsi prinsipidir.

Tədbirdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, “Opalus Partners Group” şirkətinin direktoru Çimnaz Qasımova, “OMG İnternational” şirkətinin prezidenti Faiq Hacıəlibəyov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, “PAŞA Holding” MMC-nin Korporativ Kommunikasiya üzrə baş mütəxəssisi Aytac Muxtarzadə, “Qırmızı ürəklər” Xeyriyyə Fondunun prezidenti Sevda Haqverdiyeva, “AzerGold” QSC-nin İnsan Resurslarının İdarəolunması şöbəsinin müdiri Ceyhun Əliyev, “Azercell Telekom” MMC-nin Korporativ Əlaqələr departamentinin direktoru Sona Abbasova çıxış edib.

Çıxışlar zamanı ianə mədəniyyətinin rolu və vacibliyi, ianəçiliyin geniş ictimaiyyətə ötürülməsinin təmin edilməsi, korporativ ianəçilik mədəniyyətinin təşviqi və onun həyata keçirilməsi üçün qabaqcıl təcrübələrdən istifadə olunması, mənəvi və digər stimulların genişləndirilməsi kimi məsələlərə xüsusi yer ayrılıb.

Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun qazandığı qələbənin əhəmiyyətindən danışıb. Rəhman Hacıyev bildirib ki, Qarabağın dirçəlişi bütün xalqımızın qarşısında duran əsas vəzifələrdən biridir.

Rəhman Hacıyev tədbir iştirakçılarına Fondun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

R. Hacıyev Qarabağ Dirçəliş Fondunun ötənilki fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə danışarkən vurğulayıb ki, Qarabağ Dirçəliş Fondunun fəaliyyətində əsas prioritet istiqamətlərdən biri ermənilərin işğaldan azad olunan ərazilərdə 30 ilə yaxın bir müddət ərzində apardıqları qeyri-qanuni fəaliyyət və işğal nəticəsində Qarabağa dəyən zərərin miqyası  barədə məlumatların geniş ictimaiyyətə çatdırılmasıdır.

Eyni zamanda, Qarabağda tarixi irsimizin bərpasının da Fondun fəaliyyətinin əsas prioritetlərindən olduğunu qeyd edən Rəhman Hacıyev, cari ildə nəzərdə tutulan layihələr, fonda cəlb olunan ianələr və ianə etmək imkanları barədə də ətraflı məlumat verib.

İdarə Heyətinin sədri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı işlərdən danışarkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə bazar iqtisadiyyatının inkişafı, dövlət qurumlarında şəffaflığın artırılması və korrupsiya ilə mübarizədə həyata keçirilən siyasətindən də söz açıb.

Sədrin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə dövlət vəsaiti hesabına (o cümlədən QDF-in maliyyə dəstəyi ilə) icra olunan layihələrdə şəffaflıq və rəqabətlilik prinsiplərinin qorunması xüsusi önəm daşıyır. Məhz bu səbəbdən bütün icra olunan layihələrə podratçıların seçilməsi dövlət satınalmaları haqqında müvafiq qanvericiliyə uyğun şəkildə həyata keçirilir. Eyni zamanda bu ərazilərdə müxtəlif açıq təşviq mexanizmləri hesabına yerli və xarici investrorların maneəsiz fəaliyyəti üçün imkanlar yaradılır.

Daha sonra Rəhman Hacıyev tərəfindən Fondun donorlarına “İanə Sertifikatı” təqdim olunub.

Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın ideya müəllifi olduğu, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılan “Karabakh.Center” internet-resursu əsasında “Qarabağda urbisid” videoçarxı nümayiş olunub.

Daha sonra Qarabağ Dirçəliş Fondunun PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədovanın moderatorluğu ilə fikir mübadiləsi sessiyası keçirilib.

Tədbirin sonunda Pərvin Məmmədova və Çimnaz Qasımova Qarabağ Dirçəliş Fondu, “Opalus Partners Group” və “Geopro” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilən bugünkü tədbirin əhəmiyyətindən bəhs edib. Bildirilib ki, belə görüşlərin mütəmadi keçirilməsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində iştirakçılılığın təmin edilməsi, eyni zamanda bu sahədə korporativ xeyriyyəçiliyin təbliği kimi məsələlərə böyük töhfə verə bilər.

Digər xəbərlər