Qarabağ Dirçəliş Fondu ilə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) nümayəndə heyətinin görüşü baş tutub - FOTO

Qarabağ Dirçəliş Fondu ilə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) nümayəndə heyətinin görüşü baş tutub - FOTO

|
Paylaş:

17 mart 2022-ci il tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ölkəmizdə səfərdə olan BMT-nin Ətraf Mühit Proqramının (UNEP) nümayəndə heyəti ilə görüşüb.

Görüşdə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa Ofisinin direktoru Bruno Pozzi, BMT-nin Ətraf Mühit Proqramının eksperti Hassan Partow, BMT-nin Ətraf Mühit Proqramının eksperti Celia Halle, BMT-nin Ətraf Mühit Proqramının Avropa regionu üzrə koordinatoru Mahir Əliyev, BMT-nin Ətraf Mühit Proqramının eksperti Paula Padrino, Azərbaycanın Cenevrədəki daimi nümayəndələyinin diplomatı Kamran Seyfullayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Rəşad Allahverdiyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı iştirak ediblər.

Rəhman Hacıyev görüş iştirakçılarına Qarabağ Dirçəliş Fondunun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri, hazırkı fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Sədr bildirib ki, qarşıda Fondun Nizamnaməsinə və Müşahidə Şurası tərəfindən təsdiq edilən Fəaliyyət planına uyğun olaraq, işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işlərinə dəstəyin göstərilməsi, sosial-iqtisadi rifahın yaxşılaşdırılması, Qarabağın dirçəlişi kimi mühüm vəzifələr dayanır.

R.Hacıyev Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun qazandığı tarixi qələbədən sonra yaranan yeni reallıq barədə danışarkən qeyd edib ki, işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi Qarabağa vurulan zərərin həcmi barədə məlumatlandırılmasından birbaşa asılıdır. Bu məqsədlə Fondunun fəaliyyətində ermənilərin bu ərazilərdə apardıqları qeyri-qanuni fəaliyyət və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılmasının xüsusi önəm kəsb edir.

İşğaldan azad edilən ərazilərdəki tarixi abidələrin, eləcə də ekoloji tarazlığın bərpasının Qarabağ Dirçəliş Fondu üçün ən prioritetli məsələlərdən biri olduğunu qeyd edən Rəhman Hacıyev, bu istiqamətdə müvafiq dövlət qurumları sıx əməkdaşlıq etdiyini bildirib.

R.Hacıyev bir çox layihələr, o cümlədən Fond və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, donor şirkətlərin dəstəyi ilə “Zəfərdən dirçəlişə” şüarı altında Zəngilanda meşə massivinin salınması layihəsi barədə məlumat verib.

Görüş zamanı Rəhman Hacıyev ianəçilik mədəniyyətinin təbliği ilə bağlı görülən işlərdən də söz açıb.

BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Nümayəndəliyinin direktoru Bruno Pozzi ilk olaraq görüşə və verilən ətraflı məlumata görə təşəkkürünü bildirib.

Fondun belə geniş fəaliyyət istiqamətlərinin olmasının çox təqdirəlayiq olduğunu  bildirən Bruno Pozzi, BMT-nin Ətraf Mühit Proqramının fəaliyyəti dövründə bir sıra irimiqyaslı layihələr çərçivəsində ekoloji tarazlığın bərpası istiqamətində müəyyən əhəmiyyətli işlərin görülməsindən bəhs edib. O, ekoloji tarazlığın bərpası və ianəçilik mədəniyyətinin təbliği ilə bağlı təcrübələrini bölüşərək bir sıra təkliflər irəli sürüb.

Görüş zamanı BMT-nin Ətraf Mühit Proqramının ekspert qrupunun üzvləri tərəfindən mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Eyni zamanda digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonda Rəhman Hacıyev görüşdə bərpa və quruculuq sahəsində öz təcrübələrini bölüşdükləri və səsləndirilən fikirlərə görə nümayəndə heyətinə təşəkkürünü bildirib.

Digər xəbərlər