Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Qarabağ Dirçəliş Fonduna 600 ağac ianə edib - FOTO
07 aprel, 2022
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Qarabağ Dirçəliş Fonduna 600 ağac ianə edib - FOTO

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi (MTK) işğaldan azad edilən ərazilərdə erməni terroru nəticəsində vurulan zərərin aradan qaldırılması, biomüxtəlifliyin bərpası, o cümlədən təhsil müəssisələri arasında ianə mədəniyyətini təbliğ etmək məqsədilə xeyriyyə konserti təşkil edib.

Təhsil Kompleksi məktəbin şagirdlərinin iştirakı ilə “Qarabağa hərəmizdən bir fidan” şüarı altında həyata keçirilən xeyriyyə konsertindən əldə olunan vəsait hesabına Qarabağda meşə massivin salınması layihəsinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fonduna 600 ağac ianə edib.

İşğaldan azad edilən ərazilərdə ətraf mühitə dəyən zərərin aradan qaldırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin sağlamlaşdırılması Qarabağ Dirçəliş Fondunun çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsidir.

Fond işğaldan azad edilən ərazilərdə əlverişli həyat şəraitinin yaradılması, ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək, müxtəlif ekoloji layihələrin həyata keçirilməsinə dəstək olmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalayıb.

Memorandum çərçivəsində tərəflərin birgə təşəbbüsü və donor şirkətlərin dəstəyi ilə Zəngilanda 30 min ağacdan ibarət olan meşə massivinin salınması layihəsinə start verilib.

Qarabağ Dirçəliş Fondu bu nəcib addım üçün Təhsil Kompleksinin rəhbərliyinə və əməyi keçən bütün heyətə təşəkkür edir və hər kəsi işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılmasına, ekoloji tarazlığın bərpası və yenidənqurma işlərinin təşkilinə, sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.

Qarabağın dirçəlişi kimi mühüm bir missiya ətrafında birləşmək, Qarabağın dirçəlişi istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə irəli sürülən belə təşəbbüslər həmrəyliyin təzahürüdür.

Vətənin təbiətini qorumaq, mühafizə etmək, onun flora və faunasına sahib çıxmaq hər birimizin borcu, ümumxalq işidir.

Qarabağı BİRLİKDƏ daha YAŞIL bərpa edəcəyik!

Xəbəri paylaş
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının I Vitse-Prezidenti Heydər Əliyev Mərkəzi