Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə “Qarabağ gecəsi” xeyriyyə konserti keçirilib
28 iyun, 2022
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə “Qarabağ gecəsi” xeyriyyə konserti keçirilib

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı güvvələri günündə Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, “Avrora Qrup”un baş sponsorluğu, “İTALDIZAYN” QSC-nin sponsorluğu və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Qarabağ gecəsi” adlı xeyriyyə konserti baş tutub.

Konsertdə Vətən müharibəsi qaziləri, hökumət rəsmiləri, Qarabağ Dirçəliş Fonduna ianə edərək işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərən donor şirkətlərin və Fondunun tərəfdaşlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri qonaq qismində iştirak ediblər.

Tədbirin əvvəlində Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Anar Kərimov Ali Baş Komandanın ordu quruculuğu sahəsində apardığı uğurlu siyasətdən və ordumuza göstərilən diqqətdən bəhs edib.

Nazir qeyd edib ki, müzəffər Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq nəticəsində torpaqlarımız erməni işğalından azad edildi. İndi isə ən böyük məqsədimiz Qarabağda quruculuq işlərinə birlikdə dəstək olmaqdır.

Anar Kərimov çıxışı zamanı işğaldan azad olunan ərazilərdə tarix və mədəniyyət abidələrinin bərpası, yenidənqurulması və qorunması, həmin ərazilərdə dayanıqlı məskunlaşmaya, əlverişli həyat şəraitinin yaradılmasına, inkişafa və nəticədə bu ərazilərin yüksək rifaha malik regiona çevrilməsinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fondu ilə nazirlik arasında imzalanan “Anlaşma Memorandumu”nu xüsusi vurğulayıb.

Daha sonra çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev konsertin əsas məqsədi barədə məlumat verib. Sədr bildirib ki, bu konsertdə əldə olunan gəlir Qarabağın bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə sərf ediləcək. Rəhman Hacıyev Mədəniyyət naziri Anar Kərimovun çıxışı zamanı qeyd etdiyi “Anlaşma Memorandumu”na əlavə olaraq bildirib ki, birgə əməkdaşlıq çərçivəsində yaxın zamanda Ağdamda İmarət Kompleksinin bərpa edilməsi prosesinə başlanılacaq.

Daha sonra Rəhman Hacıyev “Qarabağ gecəsi” xeyriyyə konsertinin ərsəyə gəlməsində dəstək göstərən, eyni zamanda bilet əldə edərək işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasına töhfə verən hər kəsə təşəkkürünü bildirib.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Ü.Hacıbəylinin “Koroğlu” operasından Uvertüra ilə başlayan və Qarabağ musiqisinin simvoluna çevrilmiş “Qarabağ şikəstəsi” ilə bitən konsert proqramında dinləyicilərə 14 musiqi nömrəsi təqdim olunub.  

Qeyd olunmalıdır ki, konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondu Müşahidə Şurasının üzvü, Xalq artisti Fərhad Bədəlbəyli, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbər və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, Əməkdar artistlər Aygün Mübariz, Ceyla Seyidova, Arzu Əliyeva, tar ifaçısı Rövşən Qurbanov, Muğam Televiziya müsabiqəsi qalibləri Günay İmamverdiyeva, Babək Şuşalı və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi orkestrinin dirijoru və solisti, kapitan Cəlal Kərimov çıxış edib.

Konsertin bədii hissəsindən dərhal sonra tədbir rəsmi ziyafətlə davam edib.

Rəsmi ziyafətdə Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, millət vəkili, QDF-in Müşahidə Şurasının üzvü Fatma Yıldırım və Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, QDF-in Müşahidə Şurasının üzvü Fərhad Bədəlbəyli tərəfindən konsertin ərsəyə gəlməsində həmrəylik nümayiş etdirərək dəstək olan donorlara Fondun “Təşəkkür Sertifikat”ı təqdim olunub.

Xəbəri paylaş
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının I Vitse-Prezidenti Heydər Əliyev Mərkəzi