Qarabağ Dirçəliş Fondu Şuşada keçirilən Beynəlxalq Media Forumunda təmsil olunub
26 iyul, 2022
Qarabağ Dirçəliş Fondu Şuşada keçirilən Beynəlxalq Media Forumunda təmsil olunub

22 iyul – Milli Mətbuat Günündə media sahəsində müxtəlif tendensiyaların qlobal və yerli konteksdə təhlili, aktual məsələlər ətrafında bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin yerli və xarici media nümayəndələri və subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşada ilk dəfə “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumu təşkil olunub.

Tədbirdə Beynəlxalq təşkilatların rəsmiləri, yerli və dünyanın müxtəlif ölkələrinin media və ictimaiyyət nümayəndələri, ekspertlər iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub.

Forumda məruzəçi qismində çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev işğaldan azad olunan ərazilərin bərpasında həmrəyliyin, eyni zamanda  birliyimizin daha da möhkəmlənməsində, cəmiyyətin bu prosesdə aktiv iştirakçılılığının təmin olunmasında medianın xüsusi rola malik olmasından bəhs edib.

Rəhman Hacıyev dövlət başçısının istər yerli, istərsə də xarici mətbuata verdiyi açıqlamalarda mütəmadi olaraq Qarabağın məhz öz gücümüzə bərpa olunması və beynəlxalq təşkilatların tətbiq etdiyi ikili standartlar barədə səsləndirdiyi fikirlər barədə danışarkən bildirib ki, bu ənənəvi yanaşma dəyişməyib, 30 ildir ki, davam etməkdədir. Ölkəmiz isə həm 44 günlük Vətən müharibəsində, həm də dərhal sonra dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə hər şeyi öz gücünə həll etmək iqtidarında olduğunu sübut etdi. Buna baxmayaraq, dövlətin çiyinlərindəki yükü azaltmaq və bərpa prosesinin daha da sürətləndirilməsi üçün cəmiyyətin bütün üzvlərinin Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərməsi olduqca zəruridir.

İdarə Heyətinin sədri tədbir iştirakçılarına Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri, həyata keçirilən və cari layihələri, əməkdaşlıqları, gələcək planları barədə ətraflı məlumat verib.

Rəhman Hacıyev çıxışında hər kəsi Şuşada keçirilən ilk Beynəlxalq Media Forumu münasibətilə təbrik edib və dəvətə görə Medianın İnkişafı Agentliyinə təşəkkürünü bildirib.

Xəbəri paylaş
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının I Vitse-Prezidenti Heydər Əliyev Mərkəzi