Rəhman Hacıyev xaricdə təhsil alan gənclər üçün təşkil edilən “ASAP Forum 2022” adlı forumda iştirak edib
29 iyul, 2022
Rəhman Hacıyev xaricdə təhsil alan gənclər üçün təşkil edilən “ASAP Forum 2022” adlı forumda iştirak edib

28 iyul 2022-ci il tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə “ASAP Forum 2022” adlı tədbirdə məruzəçi qismində çıxış edib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərə Qarabağ Dirçəliş Fondunun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, prioritetləri barədə ətraflı məlumat verib. Rəhman Hacıyev Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun qazandığı tarixi qələbədən sonra qarşıda dayanan əsas vəzifələr, yaranan yeni reallıqlardan bəhs edib.

 Xarici təhsil  müəssisələrinin 300 nəfər azərbaycanlı tələbə və məzununun iştirakı ilə “ASAP Forum 2022” adlı forumda müxtəlif mövzularda panel müzakirələri, karyera sərgisi, şəbəkələşmə tədbirləri, müvafiq sahələr üzrə ixtisaslaşmış ekspertlər tərəfindən TEDx formatında çıxışlar və beynəlxalq müstəvidə təmsilçiliklə bağlı müzakirələr aparılacaq.

Sözügedən forumda çıxış edən Rəhman Hacıyev işğaldan azad edilən ərazilərdə erməni terroru nəticəsində maddi obyektlərə, memarlıq inciləri olan tarixi abidələrə, ekologiyaya dəyən zərər haqqında ətraflı məlumat verib.

Qeyd olunmalıdır ki, Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin azad olunmuş ərazilərimizdə törətdikləri dağıntılar, həyata keçirdikləri qeyri-qanuni hərəkətlər və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm daşıyır. Belə ki, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi, Qarabağa vurulan ziyanın həcmi, eyni zamanda Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlandırılmasından birbaşa asılıdır.

İdarə Heyətinin sədri zərərin aradan qaldırılmasında dövlət, biznes və cəmiyyətin səylərinin birləşdirilməsinin, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasında həmrəyliyin rolunu xüsusi vurğulayıb. Sədr yeni dövrün inkişafının əsas vasitəsinə çevrilən gənclərin, birlik nümayiş etdirərək Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərməsinin önəmli olduğunu bildirib.

Sonda Rəhman Hacıyev Fondun həyata keçirdiyi tədbirlər və cari ildə nəzərdə tutulan layihələr, eyni zamanda Fonda cəlb olunan ianələr və ianə etmək imkanları barədə də ətraflı məlumat verib.

Xəbəri paylaş
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının I Vitse-Prezidenti Heydər Əliyev Mərkəzi