Rəhman Hacıyev “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransda çıxış edib
21 sentyabr, 2022
Rəhman Hacıyev “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransda çıxış edib

18-20 sentyabr tarixlərində Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Şuşa və Bakı şəhərlərində “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Beynəlxalq tədbir ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunub.

Qeyd edək ki, “Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə reallaşan konfransın birinci hissəsi Şuşa şəhərində keçirilib.
Sentyabrın 20-də “Fairmont Hotel”də konfransın yekun tədbiri gerçəkləşib. 

Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Anar Kərimov, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, millət vəkilləri və digər rəsmilər, mədəniyyət sahəsinin mütəxəssisləri iştirak edib. 

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tədbir iştirakçılarına işğaldan azad edilən ərazilərdə dağıntıların miqyası barədə məlumat verərək bildirib ki, düşmən bu illər ərzində tariximizi, mədəniyyətimizi silməyə çalışıb:

“Ərazilərimizin düşməndən azad olunması Qarabağda dağıntıları tam şəkildə görməyə imkan verdi. Məlum olduğu kimi, ən çox dağıntıya məruz qalan obyektlər tarixi abidələrimizdir. Bununla da düşmən işğal dövründə tariximizi, mədəniyyətimizi tamamilə silməyə çalışıb”. 
Bütün bu cəhdlərinə baxmayaraq ermənilərin məkrli istəklərinə nail ola bilmədiklərini deyən Rəhman Hacıyev mədəniyyətin böyük potensiala malik güclü konsepsiya olduğunu vurğulayıb:

“Mədəniyyət yalnız bizim ən böyük sərvətimiz deyil, həm də bizi birləşdirən dəyər, gələcəyimiz üçün bir fundamentdir. O bir çox sahələrin – iqtisadiyyatın, sahibkarlığın, turizmin və digər sahələrin inkişafına töhfə verə bilər”. 

“Bundan başqa, mədəniyyət həm də dirçəliş, inkişaf deməkdir” deyən İdarə Heyətinin sədri misal olaraq Birinci və İkinci Dünya müharibələrindən sonra dağıdılmış şəhərlərin və digər yaşayış məntəqələrinin bərpa edilməsini diqqətə çatdırıb:

“Məsələn, Birinci Dünya Müharibəsi zamanı Avropa şəhərlərinin bir çoxu ciddi dağıntılara məruz qalmış, bəziləri demək olar ki, yer üzündən silinmişdi. Buna baxmayaraq insanlar mədəni dəyərlər ətrafında birləşərək həmin şəhərləri yenidən bərpa etdilər. 

Bir çox hallarda şəhərlərin simvolu olan mədəniyyət abidələrinin bərpası yerli və xarici sahibkarların, cəmiyyətin geniş dairələrinin etdiyi ianələr hesabına həyata keçirilmişdir. Fransanın Lans və Reyms şəhərlərinin təcrübəsinə nəzər salsaq görə bilərik ki, məhz tarixi abidələrin bərpası ideyası əsasında təşkil edilən müxtəlif fandreyzinq təşəbbüsləri Reyms şəhərinin bərpasını daha qısa zaman ərzində həyata keçirməyə imkan yaratmışdı. Bu potensialdan istifadə etməyən Lans şəhəri isə bərpa prosesində geridə qalırdı.

Azərbaycan xalqı hər zaman yüksək mədəniyyəti ilə seçilib. Odur ki, mədəniyyətin rolunu və gücünü anlamalı, Qarabağın bərpasında və inkişafında, eləcə də digər sahələrdə onun potensialını tətbiq etməliyik”.

Çıxışlardan sonra konfrans iştirakçılarının sualları cavablandırılıb. Konfrans öz işini panel iclaslarla davam etdirib.

Xəbəri paylaş
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının I Vitse-Prezidenti Heydər Əliyev Mərkəzi