Rəhman Hacıyev xarici ölkələrin gənclərinə QDF-in fəaliyyəti ilə bağlı məlumat verib

Rəhman Hacıyev xarici ölkələrin gənclərinə QDF-in fəaliyyəti ilə bağlı məlumat verib

|
Paylaş:

Sentyabrın 28-də Bakıda “Erasmus+” 2 proqramının açılış mərasimi keçirilib.

Tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, bir sıra dövlət qurumlarının nümayəndələri, proqram çərçivəsində Azərbaycana gələn müxtəlif ölkələrdən olan 90 nəfər gənc iştirakçı, media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev layihənin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun erməni faşizmi üzərində qazandığı möhtəşəm Zəfərin xalqımıza böyük sevinc və qürur hissi bəxş etdiyini deyən İdarə Heyətinin sədri torpaqlarımızın işğaldan azad olunması nəticəsində məcburi köçkünlərin doğma yurda qayıtmasına imkan yarandığını və artıq Böyük Qayıdışın başladığını layihə iştirakçılarının diqqətinə çatdırıb.

Rəhman Hacıyev tədbir iştirakçılarına ermənilərin işğaldan azad edilən ərazilərdə həyata keçirdikləri urbisidlə bağlı geniş məlumat verib. Onun sözlərinə görə, azad edilən ərazilərdə erməni terroru nəticəsində şəhər və kəndlərimiz dağıdılaraq xarabalığa çevrilib, maddi obyektlərə, memarlıq inciləri olan tarixi abidələrə ciddi ziyan dəyib:

“1990-cı illərin əvvəllərində Ermənistanla Azərbaycan arasında başlayan Birinci Qarabağ müharibəsi və ondan sonrakı 30 il ərzində Qarabağın dağlıq bölgəsinin və ona bitişik yeddi rayonunun işğal altında saxlanılması nəticəsində onlarla kənd və şəhər xarabalığa çevrilib. 

Bir sıra şəhərlər sadəcə dağıdılıb və sonradan sonuncu daşına qədər sökülərək tikinti materialı kimi istifadə edilib. İşğalçılar nə yaşayış obyektlərinə, nə memarlıq abidələrinə, nə də qəbiristanlıqlara “rəhm ediblər”.

Rəhman Hacıyev Qarabağ Dirçəliş Fondun təqdimatını edib və fondun fəaliyyəti, həyata keçirdiyi tədbirlər, layihələr haqqında da iştirakçılara geniş məlumat verib.

İdarə Heyətinin sədri bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun qazandığı tarixi qələbədən sonra regionda yaranan yeni reallıq, eyni zamanda Qarabağda dağıntıların miqyası işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin, o cümlədən gənclərin dəstək göstərməsini olduqca zəruri edir.

Rəhman Hacıyev təqdimat zamanı tədbir iştirakçılarını ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın olduğu, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə ərsəyə gələn “Karabakh.Center” (https://karabakh.center/az) internet-resursu və Ermənistan silahlı qüvvələrinin 44 günlük vətən müharibəsi dövründə dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində həlak olan azyaşlı qurbanların xatirəsinə həsr olunan “Karabakhmemorial.com” (https://karabakhmemorial.com/az) layihələri ilə də tanış edib.

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində keçirilən layihənin əsas məqsədi iştirak edən ölkələrdə miqrantların və qaçqınların inteqrasiyasının alətləri, metodları və təcrübələrinin mübadilə yolu ilə beynəlxalq dialoqu təşviq etməkdir.

Səfər zamanı müxtəlif ölkələri təmsil edən gənclər təşkilatlarının nümayəndələri öz yurd yuvalarından 30 il ayrı düşmüş keçmiş qaçqın və məcburi köçkünlərlə, həmçinin miqrantlarla işləyən yerli və beynəlxalq qurumlarla görüşəcəklər. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün faktoru, eyni zamanda beynəlxalq təhlükəsizlik prizmasından problemin məzmununun obyektiv qiymətləndirilməsi təlimlər zamanı xüsusi müzakirə predmeti olacaq.

Belə ki, 9 gün (26 sentyabr - 5 oktyabr) davam edən layihə çərçivəsində keçirilən təlimlər zamanı beynəlxalq iştirakçılara Azərbaycan təcrübəsinə əsaslanaraq qaçqın və məcburi köçkünlərin sonradan adaptasiya dövründə cəmiyyətə inteqrasiyası, sosial xidmət paketləri , məşğulluq xidməti, onlara tətbiq olunan güzəştlər haqqında məlumat veriləcək. O cümlədən, “Sülh və birgəyaşayış modelinin formalaşdırılması modeli kimi Azərbaycan” adlı paneldə Azərbaycanda tolerant yaşam şəraiti, din və etiqad azadlığı, həmçinin sülhün carçısı kimi əhalinin “Böyük Qayıdış” prosesində ictimai iştirakçılığı haqqında müzakirələr təşkil olunacaq.

Digər xəbərlər