BANM tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib
14 oktyabr, 2022
BANM tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib

Oktyabrın 13-də Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib.

Görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, Milli Məclisə 122 saylı Xankəndi seçki dairəsindən seçilmiş millət vəkili Tural Gəncəliyev, eləcə də BANM-ın professor-müəllim heyəti və 500-dən çox tələbəsi iştirak edib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək görüş iştirakçılarına Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan QDF-in fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

Rəhman Hacıyev işğaldan azad edilən ərazilərdə ermənilərin törətdikləri dağıntılardan danışaraq işğal nəticəsində ölkəmizə vurulan zərərin miqyasının həddindən artıq böyük olduğunu diqqətə çatdırıb:

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı işğaldan azad etməsi humanitar fəlakətlə yanaşı, Qarabağda dağıntıların miqyasının necə böyük olmasını, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyini də üzə çıxardı. Vurulan zərər yalnız maddi obyektlərlə, tarixi abidələrlə və memarlıq inciləri ilə məhdudlaşmır. Təbii sərvətlərin amansızcasına istismar olunması, meşələrin qırılması, çay və göllərin çirkləndirilməsi nəticəsində regionun ətraf mühitinə də böyük ziyan dəyib”.

İdarə Heyətinin sədri bildirib ki, dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Birgə atacağımız addımlar həm dövlətin bərpa prosesində yükünü azalda, həm də bərpa və yenidənqurma istiqamətində görülən işləri sürətləndirə bilər:

“Dövlət başçısının tapşırıqlarına uyğun olaraq hazırda həmin ərazilərdə ciddi tikinti-quruculuq işləri aparılır, yeni yollar, hava limanları tikilir, infrastruktur bərpa olunur. Ancaq dağıntıların aradan qaldırılması, yaşayış məntəqələrinin, infrastrukturun bərpası böyük vəsait və vaxt tələb edən bir prosesdir. Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan bütün bu işləri öz gücü, öz imkanları hesabına görür. Buna görə də hər birimiz dövləti dəstəkləməli, həmrəylik nümayiş etdirərək Qarabağın bərpasında yaxından iştirak etməliyik.

Tarixə nəzər saldıqda görərik ki, insanların həmrəy olması, səylərin birləşdirilməsi qısa bir zaman kəsiyində qarşıya qoyulan məqsədlərə çatmağa imkan verir. Məsələn, Birinci və İkinci Dünya müharibələri zamanı Avropa şəhərlərinin bir çoxu ciddi dağıntılara məruz qalmış, bəziləri demək olar ki, yer üzündən silinmişdi. Buna baxmayaraq insanlar mədəni dəyərlər ətrafında birləşərək qısa bir zamanda həmin şəhərləri yenidən bərpa etdilər”.

Rəhman Hacıyev işğaldan azad olunan ərazilərdə Fondun dəstəyi ilə həyata keçirilən layihələr barədə də məlumat verib:

“Fəaliyyətə başladığı ilk günlərdən qarşısına qoyulan məqsəd və vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edən Fondumuz tərəfindən ötən müddət ərzində işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərinin aparılması, ətraf mühitə vurulan zərərin nəticələrinin aradan qaldırılması, ianə mədəniyyətinin təbliği və erməni işğalçı qüvvələrinin ölkəmizə vurduğu külli miqdarda ziyan barədə obyektiv məlumatların geniş ictimaiyyətə çatdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Bəzi layihələrin icrası isə davam edir. Misal olaraq qeyd edə bilərəm ki, Heydər Əliyev Fondunun sifarişi əsasında Şuşada dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin aidəsinin hazırlanması başa çatıb. Şuşadakı Yaradıcılıq Mərkəzinin və Şuşa Xalça Muzeyinin binalarının bərpası işləri isə davam etdirilir.

Bundan başqa Fond tərəfindən işğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində də layihələr həyata keçirilməkdədir. Həmin layihələr çərçivəsində Zəngilanda meşə massivinin salınması, Füzulidə Mərkəzi Parkın yaradılması nəzərdə tutulur”.

İdarə Heyətinin sədri bərpa prosesində tələbələrin, gənclərin rolundan da danışıb:

“Bu günün tələbələri sabahın iş adamları, investorlarıdır. Onlar mühüm vəzifələr tutmaqla ölkənin sosial-iqtisadi həyatında aktiv iştirak edəcəklər və azad olunan ərazilərin bərpasına öz töhfələrini verəcəklər. Buna görə də Fond olaraq tələbələrlə, gənclərlə mütəmadi görüşlərin keçirilməsi, onların düşüncə və təkliflərinin öyrənilməsi bizim üçün çox vacibdir”.

Sonra ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olduğu, “Karabakh.Center” internet-resursunun (https://karabakh.center/az) materialları əsasında hazırlanan “Qarabağda urbisid” videoçarxı nümayiş etdirilib.

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Tural Gəncəliyev işğaldan azad edilən ərazilərin bərpası, azərbaycanlıların həmin ərazilərə qayıdışı və digər məsələlər ətrafında fikirlərini bölüşüb:

“İşğaldan azad edilən ərazilərdə demək olar ki, hər şey dağıdılıb, yerlə yeksan edilib. Ancaq inanıram ki, əl-ələ verib şəhərlərimizi, kəndlərimizi, tarixi abidələrimizi bərpa edəcəyik. Tez-tez həmin ərazilərə səfər edirik və hər səfərimiz zamanı bərpa-quruculuq işlərinin çox sürətlə davam etdiyinin şahidi oluruq. Əminliklə deyə bilərəm ki, bütün bu işlər başa çatdırılandan sonra Qarabağ dünyanın ən gözəl diyarlarından birinə çevriləcək”.

Gənclərlə analoji görüşlərin silsilə şəklində keçirilməsinin vacibliyini qeyd edən Tural Gəncəliyev onların Qarabağın bərpasına öz töhfələrini verəcəklərindən əminliyini ifadə edib.

Tədbirdə çıxış edən BANM-ın rektoru Elmar Qasımov bu cür əhəmiyyətli tədbirin rəhbərlik etdiyi ali təhsil ocağında keçirilməsindən  məmnun olduğunu ifadə edib. Rektor qeyd edib ki, Qarabağın bərpası kimi müqəddəs amalda gənclərin, tələbələrin rolu önəmlidir:

“Vətən müharibəsində əldə etdiyimiz qələbə tariximizin ən şanlı səhifələrindən biridir. Hazırda isə qarşımızda işğaldan azad edilən ərazilərin bərpası kimi mühüm bir vəzifə durur. Xalqımızın Qarabağın  işğaldan azad edilməsi uğrunda mübarizədə həmrəylik nümayiş etdirdiyi kimi, müqəddəs torpaqların bərpası üçün də birlik göstərəcəyinə əminəm. İnanıram ki, düşmənin dağıtdığı torpaqlarımızın bərpası prosesinə gənclər də öz töhfələrini verəcəklər. Bu cür maarifləndirmə tədbirləri də gənclərin bu prosesdə aktiv iştirakı üçün vacibdir”.

BANM ilə Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlıqdan danışan Elmar Qasımov bildirib ki, bu əməkdaşlıq tələbələrin Fondun fəaliyyəti, eyni zamanda işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə bağlı maariflənməsində mühüm rol oynayacaq.

Çıxışlardan sonra görüş müzakirələr və sual-cavab sessiyası ilə davam edib.

Üç saata yaxın davam edən görüşdə iştirakçılar tələbələrin ünvanladıqları çoxsaylı sualları cavablandırıblar.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu gənclər və tələbələrin iştirakı ilə maarifləndirici görüşlərin digər təhsil müəssisələrində də keçirilməsini nəzərdə tutur.

Xəbəri paylaş
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının I Vitse-Prezidenti Heydər Əliyev Mərkəzi