ANAMA tərəfindən QDF-in əməkdaşları üçün təlim keçirilib

ANAMA tərəfindən QDF-in əməkdaşları üçün təlim keçirilib

|
Paylaş:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Qarabağ Dirçəliş Fondunun əməkdaşları üçün mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimi keçirilib.

ANAMA-nın Maarifləndirmə işləri şöbəsinin baş mütəxəssisi Ceyhun Quliyev tərəfindən keçirilən təlimdə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev də daxil olmaqla ümumilikdə 20-yə yaxın əməkdaşı iştirak edib.

İştirakçılara minaların növləri, təhlükəli ərazilərin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları, təhlükəsizlik nişanları ilə bağlı məlumat verilib, müxtəlif növ partlayıcı sursat nümunələri nümayiş etdirilib. 

Məlumat verilib ki, minatəmizləmə fəaliyyətinin əsas meyarlarından biri olan mina və partlamamış sursat təhlükəsinə dair maarifləndirmə sahəsində icra edilən tədbirlər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qurumların nümayəndələri, eləcə də mülki əhali arasında mina hadisələrinin qarşısının alınması və əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm rol oynayır.

Bu baxımdan da insanların, xüsusən də işğaldan azad olunan ərazilərə səfər edən şəxslərin mina və partlayıcı sursatların təhlükəsinə, eləcə də həmin ərazilərdə davranış qaydalarına dair məlumatlandırılması xüsusi əhəmiyyət kəsb edir.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, onlara mina təhlükəsi ilə bağlı maarifləndirici və xəbərdaredici broşürlər, eləcə də əsas təhlükəsizlik qaydalarına dair təlimat kitabçası təqdim edilib.

Digər xəbərlər