“Bakı Marafonu 2023”
Bakı Marafon Klubunun 50-dən çox üzvü Qarabağ Dirçəliş Fondunu dəstəkləyəcək
Mayın 5-də Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakı Marafon Klubunun üzvləri və klubun təsisçisi Firdovsi Kərimovla görüşüb.
Görüşdə 7 may 2023-cü il tarixində növbəti dəfə keçiriləcək Bakı Marafonunda klubun 50-dən çox üzvünün QDF adından iştirakı barədə razılıq əldə olunub.
Beləliklə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 7 may 2023-cü il tarixində Bakıda keçiriləcək Marafonda Bakı Marafon Klubunun komandası Qarabağ Dirçəliş Fondunun əməkdaşları ilə birgə QDF adından “Qarabağ üçün qalib ol!” şüarı ilə mübarizə aparacaq.
Qarabağ Dirçəliş Fondu ilə Bakı Marafon Klubu arasında əldə olunan razılığa əsasən, ölkə daxilində və xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirmək məqsədilə il ərzində bir neçə dəfə “Qarabağ üçün qalib ol!” şüarı altında yarışların təşkil olunması və birgə əməkdaşlıq çərçivəsində digər tədbirlərin keçirilməsi də nəzərdə tutulur.
Bakı Marafon Klubunun komandasının QDF-in adından Bakı Marafonunda iştirak etmək təklifini yüksək qiymətləndirən Rəhman Hacıyev komandaya uğurlar arzulayıb.
Görüşdə QDF tərəfindən xüsusi dizaynda hazırlanmış t-shirtlər Bakı Marafon Klubunun üzvlərinə təqdim olunub.
Qeyd olunmalıdır ki, “Bakı Marafonu 2023”-də tərəfdaş kimi çıxış edən Qarabağ Dirçəliş Fondu Marafonun fan zonasında “Marafon bağı” adlı xüsusi yaşıl pavilyonla iştirak edəcək.
Marafon iştirakçılarının və izləyicilərinin diqqətini erməni işğalı nəticəsində Qarabağın ətraf mühitinə vurulan zərər və bu zərərin aradan qaldırılmasının vacibliyinə yönəltmək məqsədilə Qarabağ Dirçəliş Fondu və Fondun donoru “Stevedoring” şirkətinin maliyyə dəstəyi hesabına “Bakı Marafonu - 2023” qalibləri adından Qarabağda “Marafon bağı”nın salınması nəzərdə tutulur.
Yaxın gələcəkdə QDF tərəfindən Bakı Marafonunun qaliblərinin və “Bakı Marafonu” Təşkilat Komitəsi üzvlərinin iştirakı ilə “Marafon bağı”nın salınacağı əraziyə və işğaldan azad olunan digər ərazilərə səfər təşkil ediləcək.
Qeyd edək ki, arzu edən hər kəs QDF-in “Marafon bağı” pavilyonuna gələrək və ya aşağıdakı URL-a keçərək Qarabağ üçün ağac ianə edə bilər:
https://qdf.gov.az/iane-imkanlari/kartla-iane/#tree
Gəlin, Qarabağı birlikdə daha yaşıl bərpa edək!