“Bakı Marafonu 2023”

Bakı şəhəri | Yekunlaşıb | Təşviqat işləri və çevik kommunikasiyalar
01/20

Layihə haqqında

  • Tarix: 7 may, 2023-cü il
  • Təşkilatçı: Heydər Əliyev Fondu
  • Marafonun uzunluğu: 21 kilometr
  • Layihənin icraçısı: Sport Marketing Group (SMG)
  • İştirakçı sayı: 20 minə yaxın

QDF-in “Bakı Marafonu 2023”-də iştirakı haqqında məlumat:

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 7 may tarixində növbəti dəfə Bakı Marafonu keçirilib.

Qarabağ Dirçəliş Fondu bu il “Küləyə qalib gəl” şüarı altında təşkil olunan marafonda tərəfdaş qismində iştirak edib.

QDF tərəfindən Marafonun fan zonasında “Marafon bağı” adlı xüsusi yaşıl pavilyon yaradılıb. Xüsusi tərtibatla hazırlanan pavilyon vətəndaşlar tərəfindən böyük maraqla qarşılanıb.

Pavilyonu ziyarət edən tanınmış ictimaiyyət nümayəndələrinə, qazilərə, Marafon iştirakçılarına və digər şəxslərə Fondun fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı geniş məlumat verilib.

Onlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” internet resursunun materialları əsasında təşkil olunan, erməni işğalçılarının Qarabağda dağıtdıqları şəhər və kəndlərimizin, tarixi və dini abidələrimizin fotolarından ibarət “Qarabağda urbisid” fotosərgisi ilə tanış olmaq imkanı da əldə ediblər.

Eyni zamanda ziyarətçilər stenddə quraşdırılan ödəniş terminalı və smartfonlar vasitəsilə Qarabağda “Marafon bağı”nın salınmasına dəstək olmaq üçün ağac ianə ediblər. İanə edən şəxslərə xüsusi “İanə Sertifikatı” təqdim olunub.

Qeyd olunmalıdır ki, qaçışda Bakı Marafon Klubunun 50-dən çox üzvü də QDF adından iştirak edib.

Belə ki, Klubun komandası Qarabağ Dirçəliş Fondunun əməkdaşları ilə birgə Fondun adından “Qarabağ üçün qalib ol!” şüarı ilə mübarizə aparıb.

Qeyd: Qarabağ Dirçəliş Fondu və Fondun donoru “Stevedoring” şirkətinin maliyyə dəstəyi hesabına “Bakı Marafonu – 2023” qalibləri adından Qarabağda “Marafon bağı”nın salınması nəzərdə tutulur.