#KarabakhTalks müzakirə platforması
Qarabağ Dirçəliş Fondu məktəblilər və gənclərlə maarifləndirmə görüşü keçirib
Qarabağ Dirçəliş Fondu Bakı Ekspo Mərkəzində təşkil olunan Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh” sərgisinin ilk günü məktəblilər və gənclərlə “Xeyriyyə təşəbbüslərinə qoşulmaq bizə nə qazandırır?” mövzusunda müzakirə görüşü keçirib.
Görüşdə Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova, PAŞA Holding-in Korporativ Kommunikasiyalar üzrə baş mütəxəssisi Aytac Muxtarzadə, eləcə də məktəblilər, könüllülər və tələbələr iştirak ediblər.
Pərvin Məmmədova görüş iştirakçılarına QDF-in fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
P.Məmmədova bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi onların Qarabağa vurulan ziyanın həcmi, eyni zamanda Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlandırılmasından birbaşa asılıdır. Bu məqsədlə, Fond olaraq tələbələrlə, gənclərlə mütəmadi görüşlərin keçirilməsi, onların düşüncə və təkliflərinin öyrənilməsi Fond üçün xüsusi əhəmiyyətə malikdir.
İşğaldan azad edilmiş ərazilərə dəyən zərərlə bağlı maarifləndirmə işlərinin aparılmasında təhsil müəssisələrinin böyük rola malik olduğunu qeyd edən Pərvin Məmmədova, eyni zamanda Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərmək məqsədilə təşəbbüs göstərən təhsil müəssisələrinə təşəkkürünü bildirib.
Görüşdə Fondun ianəçiləri sırasında olan Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova “Qarabağa hərəmizdən bir fidan” adlı xeyriyyə konserti haqqında məlumat verib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, Qarabağ Dirçəliş Fondu yarandığı ilk vaxtlardan Ədliyyə Nazirliyinin işçiləri, hakimləri Qarabağın bərpası ilə bağlı layihələrin dəstəklənməsi məqsədilə Fonda ianə edilməsi təşəbbüsü ilə çıxış ediblər. Gələcəkdə Fonda ianə etməkdə davam edəcəklərini deyən Aynur Sabitova hər kəsi bu təşəbbüsə qoşulmağa çağırıb.
PAŞA Holding-in Korporativ Kommunikasiyalar üzrə baş mütəxəssisi Aytac Muxtarzadə Qarabağ Dirçəliş Fondunun ianəçiləri sırasında olmaqdan böyük qürur hissi keçirdiklərini söyləyib. Fondun təşəbbüsü ilə reallaşdırılan ağacəkmə aksiyasında iştirak etdiklərini diqqətə çatdıran Aytac Muxtarzadə bundan sonra da Fondla əməkdaşlığı davam etdirəcəklərini, Qarabağın bərpası ilə bağlı layihələrə dəstək verəcəklərini vurğulayıb.
Çıxışlardan sonra görüş müzakirələrlə davam edib. Müzakirələr zamanı Qarabağın bərpa və quruculuq prosesində təhsil müəssisələrinin rolu ilə bağlı fikirlər səsləndirilib, həmin fikir və təkliflər ətrafında müzakirələr aparılıb.